09:36
602
Qlobal qeyri-müəyyənlik şəraitində KOB-ların inkişafı üçün etibarlı məlumat bazası vacibdir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə “Asiya Mikro, Kiçik və Orta Müəssisələr Monitoru 2025" hesabatının təqdimatında ADB-nin Yaponiyadan olan icraçı direktoru Şigeo Şimizu bildirib.
O deyib ki, mikro, kiçik və orta müəssisələr (MSME – micro, small and medium-sized enterprises) bir çox ölkələrin iqtisadiyyatının onurğa sütunudur, lakin bu sahədə etibarlı məlumatların çatışmazlığı davam edir.
Ş.Şimizunun sözlərinə görə, ASM 2025 layihəsi məhz bu boşluğu doldurmaq məqsədi daşıyır və artıq hökumətlər üçün KOB siyasətinin formalaşdırılmasında əsas istinad mənbəyinə çevrilib. “Qlobal iqtisadi qeyri-müəyyənliklər dərinləşdikcə, sübuta əsaslanan qərarların qəbulu üçün daha tam və dəqiq məlumat bazasının əhəmiyyəti artır,” – deyə o vurğulayıb.
ASM 2025 məlumat bazası 2024-cü ilə qədər olan göstəriciləri əhatə edir və 26 inkişaf etməkdə olan ADB üzv ölkəsini, o cümlədən Azərbaycanı da özündə birləşdirir. Hesabatda KOB-ların maliyyə əlçatanlığı, rəqəmsallaşma, “yaşıl” biznes təşəbbüsləri və beynəlxalq ticarətdə iştirak imkanları kimi istiqamətlər təhlil olunur.
Layihə Yaponiyanın hökuməti tərəfindən dəstəklənir və Asiya–Sakit okean regionunda dayanıqlı, inklüziv və sübuta əsaslanan iqtisadi artımın təşviqini hədəfləyir.