“Əkinçilikdə müsbət dinamika var” İqtisadiyyat

“Əkinçilikdə müsbət dinamika var”

“Prezident İlham Əliyevin 2018-ci ildən həyata keçirdiyi genişmiqyaslı islahatlar paketi ölkənin bütün sahələrinə, o cümlədən aqrar sektora ciddi təsir göstərib. Bu istiqamətdə görülən tədbirlər nəticəsində kənd təsərrüfatında məhsuldarlıq yüksəlib, əkinçilikdə isə müsbət dinamika müşahidə olunur”.

Bu barədə xalqcebhesi.az-a açıqlama verən Milli Məclisin deputatı Anar İsgəndərov bildirib.

Onun sözlərinə görə, həyata keçirilən dövlət siyasəti nəticəsində aqrar sahədə davamlı artım müşahidə olunur və bu, islahatların uğurlu nəticəsidir:
“Əgər 2025-ci ilin göstəricilərinə nəzər salsaq, aydın görünür ki, ölkəmizdə əkinçilik sahəsində müsbət meyillər var. Bu ilin yanvar–may aylarında aqrar məhsulların istehsalı 3 milyard 706 milyon manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,5 faiz artım deməkdir. Xüsusilə yazlıq bitkilər və dənli-paxlalı bitkilərin əkin sahəsi ötən illə müqayisədə 1 faizə yaxın artıb. Dövlət tərəfindən bu sahəyə ayrılan subsidiyalar, suvarma sistemləri və texniki dəstək mexanizmləri kənd təsərrüfatında sabit artımı təmin edir.
Bu istiqamətdə İsmayıllı rayonunda əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması ilə bağlı imzalanan xüsusi sərəncam da mühüm addımlardandır. O bildirib ki, hazırda innovativ və texnoloji avadanlıqlar vasitəsilə suvarma işlərinin səmərəliliyi artırılır və bu, məhsuldarlığa birbaşa müsbət təsir göstərir”.
Bununla yanaşı, Anar İsgəndərov bitkiçilik sahəsində bəzi problemlərin də qaldığını diqqətə çatdırıb:
“Xüsusilə kartof və tərəvəz əkin sahələrində azalma müşahidə olunur. Bu da ərzaq təhlükəsizliyi baxımından diqqət tələb edən məsələdir. Dövlət bu istiqamətdə xüsusi təşviq proqramları həyata keçirir. Əsas məsələ fermerlərin bu imkanlardan düzgün yararlanması və maarifləndirmənin gücləndirilməsidir. Ölkədə aqrar sektorla yanaşı, turizm də iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Bu iki sahə – aqrar sektor və turizm – Azərbaycanın dayanıqlı inkişaf modelində mühüm yer tutur. Dövlətin məqsədyönlü proqramları nəticəsində kənd təsərrüfatında böyük irəliləyişlər var, lakin qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün torpaqdan səmərəli istifadə, innovativ üsulların tətbiqi və suvarma sistemlərinin yenilənməsi istiqamətində işlər davam etməlidir”.

Günel Elxan