13:07
588
“Bayram yarmarkalarının nə iqtisadiyyata, nə də qiymətlərin aşağı düşməsinə real təsiri var”.
İqtisadçı ekspert Xalid Kərimli bayram yarmarkalarının effektivliyi ilə bağlı Xalqcebhesi.az-a açıqlamasında bu təşəbbüsləri populist və bazar prinsiplərinə zidd addım kimi qiymətləndirib.
Onun sözlərinə görə: “Bayram yarmarkalarının heç bir faydası və xeyri yoxdur. Bu, bazar mexanizmlərini və iqtisadiyyatın işləmə prinsipini başa düşməyənlərin atdığı populist addımdır. Çox səmərəsiz və yanlış yanaşmadır.
Bu modeldə dövlət faktiki olaraq sahibkarla rəqabət aparır.
Dövlət gedib normal qaydada icarə haqqı ödəyən, bütün xərcləri öz üzərinə götürən tacir və sahibkarla mübarizə aparır. Halbuki bu, doğru yanaşma deyil.”
Xalid Kərimlinin fikrincə, yarmarkalarda yer pulunun verilmədiyi görüntüsü yaradılır, amma reallıq fərqlidir:
“Yer pulu mövcuddur. Sadəcə onu sahibkar yox, dövlət ödəyir. Tacir məhsulu maşınla özü gətirir, amma xərclər dövlət büdcəsinin hesabına çıxarılır. Bu isə çox mənasız və süni mexanizmdir. Nəticədə süni qiymət formalaşır və bu, bazara təsir göstərmir.
Dövlət büdcəsi hesabına aşağı qiymət görüntüsü yaradılır. Amma bu qiymətlərin bazara və ümumi inflyasiyaya heç bir real təsiri yoxdur.
Yaranan fərq də sahibkarın hesabına başa gəlir.Əgər hansısa ucuzluq varsa, bu, sahibkarın hesabına olur. Yəni sahibkarın qanı bahasına. Bu, nə iqtisadi baxımdan doğrudur, nə də sağlam rəqabət mühitinə uyğundur. Müvəqqəti yarmarkalar uzun illərdir effekt vermir.
Mən dəfələrlə müvəqqəti yarmarkaların effekt vermədiyini demişəm. Amma buna baxmayaraq, hansısa addımlar atılır və davam etdirilir.”
Onun fikrincə, bu cür tədbirlər daha çox görüntü xarakteri daşıyır:
“Bu, əsasən reklam xarakterlidir. Hansısa məmur gedib şəkil çəkdirir, xalqa qayğı nümayiş etdirilir. Amma nə iqtisadi effekt var, nə də qiymətləri real tənzimləyən mexanizm.”
Günel Elxan