"Bu körpü dörd dəhliz seqmenti olaraq çıxış edəcək” İqtisadiyyat

"Bu körpü dörd dəhliz seqmenti olaraq çıxış edəcək”

“Ağbənd-Kəlalə avtomobil yolu hazırda Azərbaycan üçün aktual olan iki nəqliyyat dəhlizinin seqmenti olaraq çıxış edir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov söyləyib.

İqtisadçı deyib ki, birincisi, perspektivdə Şərq-Qərb dəhlizinin məhz Naxçıvan üzərindən keçən hissəsinin bir parçası olaraq çıxış edəcək: “Çünki Şərq-Qərb dəhlizi Xəzər dənizindən Azərbaycana daxil olduqdan sonra artıq iki istiqamət üzrə ayrılacaq, ənənəvi Gürcüstan marşrutundan əlavə olaraq işğaldan azad olunmuş ərazilərimizə keçəcək. Buradan da yenə iki hissəyə ayrılacaq. Biri Zəngəzur dəhlizi üzərindən Naxçıvana, digəri isə məhz Ağbənd-Kəlalə avtomobil körpüsündən keçərək Naxçıvana çatacaq”.

E.Əmirovun bildirdiyinə görə, bu layihə həm də Şimal-Cənub Nəqliyyat dəhlizi üçün strateji əhəmiyyət daşıyır: "Çünki qarşıdakı dönəmdə məhz Ağbənd-Kəlalə avtomobil yolu Cənub-Qərb nəqliyyat dəhlizinin bir seqmenti olacaq. Cənubdan gələn yüklər Azərbaycana daxil olduqdan sonra Naxçıvana keçmək üçün məhz bu marşrut üzərindən də gedə bilər, eyni zamanda da şimal-qərb istiqamətdən də. Yəni başqa sözlə, Ağbənd-Kəlalə avtomobil körpüsü Şimal-Cənub dəhlizinin, Şərq-Qərb dəhlizinin, Şimal-Qərbin və həmçinin Cənub-Qərbin seqmenti ola bilər. Yəni bu körpü dörd dəhliz seqmenti olaraq çıxış edəcək”.

O həmçinin diqqətə çatdırıb ki, körpü Zəngəzur dəhlizinə alternativ olaraq çıxış edir: “Zəngəzur dəhlizinə alternativ o baxımdan ki, həm Ermənistan tərəfi, həm də İran tərəfi üçün bəlli olanda ki, Azərbaycanı Naxçıvanla birləşdirən və Azərbaycanın Türkiyə üzərindən qərbə çıxışını təmin edən digər bir alternativ var, təbii ki, bu perspektivdə rəqabət mühitinin də daha yuxarı səviyyədə təmin olunmasına xidmət etmiş olur”.

Röya İsrafilova