“Enerji bazarı təzyiq altında” İqtisadiyyat

“Enerji bazarı təzyiq altında”

“Şübhəsiz ki, Hörmüz boğazının bağlanması bütövlükdə dünyanın enerji bazarına mənfi təsir göstərə bilən əsas amillərdən biridir”.

Bunu Milli Məclisin deputatı Azər Allahverənov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

O qeyd edib ki, ən azından 40 gün davam edən ABŞ-İran qarşıdurması zamanı biz bunun praktiki nəticələrini müşahidə etdik: “Boğazın tam bağlanmaması, lakin müəyyən məhdudiyyətlərin tətbiqi belə enerji bazarında ciddi dalğalanmalara səbəb oldu.Hörmüz boğazı ətrafında tətbiq olunan məhdudiyyətlər, neft tankerlərinin və mayeləşdirilmiş qaz daşıyan gəmilərin selektiv şəkildə buraxılması dünya bazarında, xüsusilə də neft qiymətlərində kəskin artımla nəticələndi. Bu, bir daha göstərdi ki, regionda baş verən hər hansı gərginlik qlobal bazarlara dərhal təsir edir.Baxmayaraq ki, bu proses çox ağır nəticələr doğurmadı, lakin bir sıra dövlətlər üçün ciddi siqnal oldu. Belə ki, əsasən Hörmüz boğazından asılı olan ölkələr alternativ enerji mənbələrinin və yeni təchizat marşrutlarının axtarışını sürətləndirməyə başladılar”.

Deputat vurğulayıb ki, eyni zamanda, böhranın ilk mərhələlərində müxtəlif dövlətlərin həm İranla, həm də digər enerji istehsalçıları ilə intensiv danışıqlara getdiyini müşahidə etdik: “Bu isə gələcəkdə yeni enerji təchizatı arxitekturasının formalaşmasına gətirib çıxara bilər.Hazırkı mərhələdə isə vəziyyət daha da mürəkkəbləşir. Çünki həm ABŞ, həm də İran Hörmüz boğazından təsir və təzyiq aləti kimi istifadə etməyə çalışır. İranın boğazın minalanması və yalnız müəyyən ölkələrin gəmilərinə icazə verilməsi ilə bağlı açıqlamalarına cavab olaraq ABŞ tərəfi daha sərt mövqe sərgiləyir.Əgər ilkin mərhələdə ABŞ tərəfindən boğazın minalardan təmizlənməsi məsələsi gündəmə gətirilirdisə, sonradan İranın mina təmizləyən gəmilərlə bağlı hədələri fonunda Vaşinqtonun bütövlükdə boğazın blokadaya alınması ehtimalını dilə gətirməsi gərginliyin daha da artdığını göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, regionda vəziyyət hələ sabitləşməyib və qarşıdakı dövrdə daha ciddi çağırışların şahidi ola bilərik”.

Günel Elxan