“Bu, kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edəcək” İqtisadiyyat

“Bu, kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edəcək”

““Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkəmizdə aqrar sektorun yeni mərhələyə keçidini təmin edən mühüm strateji sənəddir. Bu proqramın əsas mahiyyəti kənd təsərrüfatını ənənəvi yanaşmadan çıxararaq daha müasir, texnoloji və ixracyönümlü modelə transformasiya etməkdən ibarətdir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev söyləyib.

Deputat qeyd edib ki, proqramda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə yanaşı, onların emalı, əlavə dəyərin formalaşdırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi əsas prioritet kimi müəyyən olunub: “Bu isə o deməkdir ki, artıq diqqət təkcə xammal istehsalına deyil, hazır məhsulun daxili və xarici bazarlara çıxarılmasına yönəlir. Eyni zamanda, sənəddə balıqçılıq və akvakultura sahələrinin inkişafına xüsusi yer verilməsi çox vacib məqamdır. Bu istiqamət Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ixrac imkanlarının genişləndirilməsi baxımından yeni perspektivlər açır”.

R.Nurullayev vurğulayıb ki, proqramın digər mühüm tərəfi regionların, xüsusilə işğaldan azad olunmuş ərazilərin aqrar potensialının iqtisadi dövriyyəyə cəlb edilməsidir: “Bu, həm həmin bölgələrin bərpasına, həm də məşğulluğun artırılmasına ciddi töhfə verəcək. Hesab edirəm ki, qarşıdakı dövrdə keçiriləcək regional görüşlər bu proqramın effektiv icrası baxımından mühüm rol oynayacaq. Fermerlərin, sahibkarların və investorların prosesə cəlb olunması nəticə etibarilə kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edəcək”.

Röya İsrafilova