Xocavənddə torpaqların əkini üçün müraciətlərin qəbuluna başlanır İqtisadiyyat

Xocavənddə torpaqların əkini üçün müraciətlərin qəbuluna başlanır

Bu gündən başlayaraq Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.

Kənd Təsərrüfatı Nazirliyi xəbər verir ki, müraciətlərin qəbulu Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə həyata keçirilir.

Xocavənd kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu 2026-cı il avqustun 14-ü, günün sonunadək davam edəcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş, kənd ətrafında yerləşən torpaqlardır. Xocavənd kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, kartof, buğda, arpa, qarğıdalı (dən və silos üçün), vələmir, tritikale, çovdar, noxud, mərcimək, soya, günəbaxan, tütün, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Qeyd edək ki, müraciət edən şəxslərə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.