Bakıda “I MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı“ keçiriləcək İqtisadiyyat

Bakıda “I MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı“ keçiriləcək

17-18 aprel tarixində Bakı şəhəri, "Fairmont Hotel"də ölkədə fəaliyyət göstərən kredit təşkilatlarının və maliyyə nəzarət qurumlarının, həmçinin Türkiyə, Rusiya, Gürcüstan və digər MDB ölkələrinin, habelə avropa, Çin maliyyə texnologiyaları şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə "Rəqəmsal Bankçılıq və Təhlükəsizlik" mövzusunda "MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı" keçiriləcək. Konfrans Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərə dəstək məqsədi daşıyır.
İki gün davam edəcək sərgi-konfransda maliyyə texnoloji avadanlıqlarının, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, ATM təhlükəsizlik, kibertəhlükəsizlik mövzusunda geniş təqdimatlar keçiriləcək. Konfransda "Unionpay", "VISA", "Microsoft", "Tinkoff bank", "Oracle financial sevices", "Kaspersky LAB", "DenizBank", "SWIFT" , "BVK technology", "KAL-ATM software", "ABBY", "İntellect design", "FBS Group", "Capitalbanking solutions", "UBIQ innovations", "KOD-A", "Fit Solutions", "İntertech", "Paymentology" "Olimpic banking systems by ERI" "BankSoft", "Spinnaker" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir. Bundan əlavə, tədbirin ikinci günündə maliyyə təşkilatlarının istəyinə uyğun olaraq texnoloji şirkət nümayəndələri ilə fərdi biznes görüşləri və müzakirələri aparılacaq.
Tədbirdə yerli və xarici mətbuat nümayəndələri iştirak edəcək. Məlumat üçün bildirmək istərdik ki, konfrans iki dildə (ingilis-azərbaycan) keçiriləcək. Sinxron tərcümə təmin ediləcək. Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.