AMB: Neftin artan qiyməti tədiyə balansına müsbət təsir edir İqtisadiyyat

AMB: Neftin artan qiyməti tədiyə balansına müsbət təsir edir

Dünya bazarında neftin qiymətinin artım meylinin davam etməsi tədiyə balansına müsbət təsir edir və valyuta bazarındakı tarazlığı dəstəkləyir.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizi parametrlərinə aid dərc etdiyi məlumatda deyilir.

Bildirilir ki, "OPEC+" razılaşması və dünya iqtisadiyyatının bərpası kimi gözləntilərin təsiri altında neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 60 ABŞ dollarını, mart ayının ötən dövründə isə 67 ABŞ dollarını üstələyib. Aparıcı analitik mərkəzlər özlərinin son hesabatlarında cari ilə neft istehlakı və qiyməti proqnozlarını bir qədər də artırıb.

Xatırladaq ki, AMB-nin son məlumatına görə, 2020-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın tədiyə balansının ümumi kəsiri 1 803,7 mln. dollara çatıb və ya 2020-ci ilin 9 ayı üzrə ölkənin ehtiyat aktivləri 1 803,7 mln. dollar məbləğində azalıb.

2020-ci ilin doqquz ayı üzrə cari əməliyyatlar hesabının kəsiri 208,3 mln. ABŞ dolları və ya ÜDM-in 0,7%-ni təşkil edib (ötən ilin müvafiq dövründə 4 mlrd. dollar profisit olub). Neft-qaz sektoru üzrə cəmi əməliyyatlar balansının (CƏB) profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,3 dəfə (5,2 mlrd. dollar) azalaraq 4 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 19,1% (1 mlrd. dollar) azalaraq 4,2 mlrd. dollar məbləğində olub.