BVF Azərbaycanın cari əməliyyatlar hesabı üzrə proqnozunu yaxşılaşdırıb İqtisadiyyat

BVF Azərbaycanın cari əməliyyatlar hesabı üzrə proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı üzrə proqnozunu yaxşılaşdırıb.

"APA-Economics"in BVF-yə istinadən verdiyi məlumata görə, Fond bu il ölkənin cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 2,4%-nə bərabər olacağını gözləyir. Halbuki öncəki proqnoz (aprel ayında – red.) 1,1%-ə bərabər idi. 2022-ci il üçün də proqnoz apreldəki 0,5%-dən 1,9%-dək yüksəldilib. BVF qeyd edir ki, cari əməliyyatlar hesabında gözlənilən irəliləyiş artan neft qiymətləri sayəsində olacaq.

Xatırladaq ki, Dünya Bankının sonuncu proqnozuna əsasən, cari ildə ölkənin cari əməliyyatlar hesabının profisiti ÜDM-in 2,8%-ni, 2022-ci ildə isə ÜDM-in 3,9%-ni təşkil edəcək. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi isə bu il sözügedən göstəricinin profisitinin ÜDM-nin 5,9%-ni təşkil edəcəyini gözləyir. "Fitch"ə görə də, müsbət dinamikanın əsas drayveri artan neft qiymətləri olacaq.

Faktiki rəqəmlərə gəldikdə, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-in 0,5%-ni təşkil edib. (2019-cu ildə 4,4 mlrd. dollar profisit olub). 2021-ci ilin I rübündə isə profisit qeydə alınıb və 627,7 mln. ABŞ dolları və ya ÜDM-in 5,6%-nə bərabər olub.