Dollar yenə bahalaşdı İqtisadiyyat

Dollar yenə bahalaşdı

Mərkəzi Bank son günlər dolların yenidən bahalaşması səbəblərini açıqladı

"Report" analitik qrupu: "2015-ci il ərzində ən yaxşı halda 1,50 AZN/USD səviyyəsinə qədər yüksələcəyi proqnozlaşdırılır"

Dünən Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi yenidən möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 8-nə olan rəsmi məzənnələr bülleteninə istinadən bildirir ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0021 manat və ya 0,2% bahalaşaraq 1,0517 manat səviyyəsində qərarlaşıb. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0083 manat və ya 0,72% ucuzlaşaraq 1,1399 manat olub.
Rusiya rublunun kursunda da dəyişiklik müşahidə edilib. İndi 1 rublun dəyəri cüzi artaraq 0,0191 manata çatıb.
"Mərkəzi Bankın elan etdiyi kimi, manatın məzənnəsi Avro və ABŞ dollarının daxil olduğu səbət mexanizmi əsasında formalaşır. Bunun mahiyyəti odur ki, Avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən ABŞ dolları/manat məzənnəsinə ötürülür. Bu o deməkdir ki, manat ABŞ dollarına qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər". Bunu "manatın ucuzlaşmasına hansı faktorlar təsir edir" sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildiriblər.
Məlumatda qeyd edilir ki, son 2 gündə beynəlxalq valyuta bazarlarında Avronun ABŞ dollarına qarşı ucuzlaşması müşahidə olunur: "Bu da ABŞ dolları/manat məzənnəsinin yumşaq gündəlik dəyişiminə səbəb olmuşdur. Bütövlükdə, bu dəyişikliklər idarə olunan çevik məzənnə rejimi üçün xas olan bir haldır. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar. Avro/dollar məzənnəsi ilə neftin qiyməti arasında əlaqə uzunmüddətli olduğundan tətbiq olunan məzənnə rejimi əsasən neftin qiymətindəki uzunmüddətli meyilləri nəzərə alır.
Bu arada "Report"un analitik qrupu xəbər verib ki, yumşaq devalvasiya nəticə etibarı ilə onsuz da gərgin vəziyyətdə olan milli iqtisadiyyatı iflic edə bilər. Dünya bazarında neftin qiymətinin son günlər artaraq 59 dollar/barel səviyyəsinə çatması ilə tərs mütənasib olan yeni devalvasiya dalğası anlaşılan deyil. Üzən məzənnə sisteminə keçidi prioritet götürən AMB 2015-ci ildə Azərbaycanda ÜDM-in kəskin azalmasına səbəb olacaq. Belə ki, 34%-lik şok devalvasiyanın yumşalaraq davam etməsi səbəbindən istehlakçı və investorlarda olan valyuta ehtiyatlarının bu proses bitənədək ortaya çıxarılmayacağı isə artıq dəqiqdir.
"Report" bu gedişlə dolların rəsmi məzənnəsinin artıq 2015-ci il ərzində ən yaxşı halda 1,50 AZN/USD səviyyəsinə qədər yüksələcəyini proqnozlaşdırır. Bu, neftin qiyməti 50 dollar/barel və daha artıq olacağı halda mümkündür. Əks halda məzənnənin daha da sürətlə artacağı qaçılmazdır. "AMB həqiqətən də tam üzən məzənnə sisteminə keçəcəksə, o zaman neftin 50 dollardan aşağı düşməsi ilə məzənnə 3-5 AZN/USD həddinə də çata bilər. Lakin Azərbaycanda bundan sonra da idarə olunan üzən məzənnə siyasəti davam etdirilərsə, o zaman Mərkəzi Bankın hər il məzənnə üçün hədəf aralığı müəyyən etməsi tələb olunur", - deyə Agentliyin analitikləri bildirir.
İlkin təhlil göstərir ki, bu il Azərbaycanda ÜDM-in həcmi real olaraq, yəni dollar ekvivalentində azalacaq. Belə ki, əgər 2014-cü ildə 59 mlrd. manat və 75 mlrd. dollarlıq ÜDM istehsal olunubsa, bu il neftin ucuzlaşması, pərakəndə satışın səngiməsi, inşaat sektorunun zəifləməsi, avtomobil satışının kəskin azalması və s. obyektiv səbəblərə görə həmin göstəricinin nominal ifadədə 3%, real isə 35-50% azalacağı proqnozlaşdırılır: "Göründüyü kimi, AMB bu riskə gedərək ölkənin qızıl-valyuta ehtiyatlarını qorumaq niyyətindədir. Bank sisteminin valyuta riski səbəbilə üzləşdiyi problemləri Mərkəzi Bank onlara yardım etməklə aradan qaldırmaq istəyir".
"Report"un analitik qrupu yumşaq devalvasiyanın yanlış qərar olduğunu düşünür. Üzən məzənnə sisteminə keçid daha qısa zaman ərzində həyata keçirilməlidir. Bu qərar iqtisadiyyatın yenidən dirçəlməsinə səbəb olacaq. Əks halda, iqtisadiyyatın iflic vəziyyəti uzun zaman davam edəcək ki, bu da kiçik və orta sahibkarlığa ağır zərbə vuracaq. Məzənnənin sərbəst buraxılması az sayda insana zərər vursa da, ümumən iqtisadiyyatın daha qısa zaman ərzində bərpa olmasına kömək edəcək.