“Məhkəmə qərarları icraya yönəldilmir” Siyasət

“Məhkəmə qərarları icraya yönəldilmir”

Qüdrət Həsənquliyev: “Hakimlər qəbul etdikləri qərarlara, onların icrasına görə məsuliyyət daşımalıdırlar”

“Yasamal rayon Məhkəməsində Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə həm İnsan hüquqları komitəsi, həm Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olaraq ədliyyə sistemində həyata keçirilən islahatlar mövzusunda konfrans keçirdik. Konfransda Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrası üzrə baş idarənin rəisi məlumat verdi ki ölkədə ilin sonunda 1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir. Bu, kifayət qədər böyük rəqəmdir. Faktiki olaraq məhkəmə qərarlarının icra olunmamasındakı nöqsanlar daha çox bununla bağlıdır”.

Bunu parlamentin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. “Mən bu məsələlərlə bağlı qanun layihəsinin müzakirəsində də öz fikrimi bildirəcəyəm”, - deyən millət vəkili “amma vətəndaşlarımız üçün heç bir əhəmiyyəti yoxdur ki, məhkəmə ədalətli, yaxud ədalətsiz qərar qəbul edir”,- deyə diqqətə çatdırıb: “Amma məhkəmə qərarları icraya yönəldilmir. Ona görə ki, onların sayı həddindən artıq çoxdur. Əvvəla, mən orada da məsələ qaldırdım, bu gün də söyləyirəm ki, hakimlər qəbul etdikləri qərarlara, onların icrasına görə məsuliyyət daşımalıdırlar. Üzümü tuturam hörmətli maliyyə naziri Samir Şərifova və hökumət üzlərinə, büdcədən bu məqsədlə vəsait ayrılmalıdır ki, qəbul edilmiş məhkəmə qərarları icra olunsun. Bu dövlətçiliyimiz üçüm son dərəcə əhəmiyyətlidir. Bu həm vətəndaşların dövlətə inamı, həm ölkədə ədalət mühakiməsinin həyata keçirilməsi, ölkəyə investisiya qoyuluşu, ölkənin iqtisadiyyatının inkişafı deməkdir. Əgər məhkəmə qərarları tam miqyasda icra olunmursa, o halda bu, investorları da ölkəyə investisiya yatırmaqdan çəkindirəcək ”.

Əli Zülfüqaroğlu