Vaşinqton Azərbaycana mane olmayacaq Siyasət

Vaşinqton Azərbaycana mane olmayacaq

ABŞ-ın “RAND Corporation” Araştırma Mərkəzinin “Ukraynada uzun müddətli müharibəni necə dayandırmalı və ABŞ-ın siyasəti” adlı hesabatında müharibənin Amerika üçün müsbət tərəfi kimi Rusiyanın Ukrayna müharibəsi fonunda zəifləməsi göstərilib. Hesabat müəllifləri hesab edirlər ki, Rusiya zəiflədikcə başqalarına təhlükə yarada bilməyəcək: “Müharibə davam etdikcə Rusiyanın başqa ölkələrə müdaxilə imkanları azalacaq”.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu, “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Qeyd olunub ki, hesabatda Avropa dövlətlərinin müharibə fonunda Rusiyanın enerji asılılığından qurtulması da uğurlu gedişat kimi qiymətləndirilib.

Buna baxmayaraq, sənəddə müharibənin uzanmasının mənfi nəticələri də hesablanıb. Birincisi, Rusiya-NATO toqquşmasının və nüvə silahından istifadəsi risqi artıb. İkincisi, dağılan Ukraynaya yardımların həcmi artdıqca Amerikanın bu ölkəyə maliyyə yardımları da artacaq, bu isə büdcə kəsirinə mənfi təsir edəcək. Üçüncüsü, müharibənin davamı dünyada enerji qiymətlərinin sabitləşməsinə əsas əngəldir. Dördüncüsü, Ukrayna müharibəsi ABŞ-ın xarici siyasətinin digər vacib istiqamətlərinə diqqətini azaldır. Beşincisi, Rusiya müharibəni davam etdirdikcə, Çindən asılılığı artır ki, bu da Amerikanın maraqlarına ziddir. Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmağa çalışır. Bundan başqa Rusiya və Çin birgə hərbi təlimlərinin sayını artırıblar. Rusiya və Çin ABŞ-ın hegemonluğuna son qoymaq üçün müxtəlif dövlətləri öz tərəflərinə çəkməyə çalışırlar.

“RAND Corporation” müharibənin dayandırılmasının bir neçə variantını nəzərdən keçirib.

Birinci variant: Tərəflərdən biri qələbə qazanır. Bu o deməkdir ki, beynəlxalq aləm müharibəni tərəflərdən birinin qalibiyyətinə qədər izləməlidir.

İkinci variant: Atəşkəs əldə olunur və danışıqlar başlayır. Amerikalı ekspertlər bu variantın reallaşması ehtimalının az olduğunu bildirirlər. Çünki Rusiya işğalı rəsmiləşdirmək, Ukrayna isə ərazi bütövlüyünü təmin etmək istəyir. Digər tərəfdən müvəqqəti atəşkəs sülh deyil, müharibənin növbəti mərhələsinə keçiddir.

Amerikalı analitiklər münqaişənin nizamlanması üçün ABŞ-ın dörd mümkün addımını qiymətləndiriblər.

Birinci addım – Vaşinqton Kiyevi inandırır ki, ABŞ əbədiyyətə qədər Ukraynaya maliyyə və hərbi yardım etməyəcək. Kiyevi bilməlidir ki, paralel olaraq Moskva ilə danışıqlar da aparılmalıdır.

İkinci addım – ABŞ müharibədən sonra Ukraynanın təhlükəsizliyinə təminat verir. Bu Vaşinqtonun Kiyevə məhdud maliyyə yardımından tutmuş Ukraynaya hücum olacağı təqdirdə işğalçıya qarşı birgə mübarizəni nəzərdə tutur.

Üçüncü addım – ABŞ Ukraynanın neytral siyasəti, yəni NATO-ya qoşulmayacağı ilə bağlı Kremlə təminat verir.

Dördüncü addım – Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün mühit yaradılır. Sanksiyalar cəza mexanizmidir. Sanksiyaların yumşaldılması dəyişikliklərə stimul kimi izah edilməlidir.

ABŞ-ın “RAND Corporation” Araştırma Mərkəzinin hesabatı Kremlə yaxın rusiyalı ekspertlər tərəfindən müsbət qarşılanıb. Kremldə hesab edirlər ki, amerikalı ekspertlər Rusiyanı incitməmək şərtilə müharibəni dayandırmaq yollarını təklif ediblər.

Vaşinqtonun bəzi dairələrində müharibənin davamından yorğunluq hiss olunur. Misal üçün ABŞ-ın “RAND Corporation” Araştırma Mərkəzinin hesabatının yayımlanmasıyla eyni günlərdə dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsindən sonra Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının mümkün olacağını bildirib. Peroblem də ondadır ki, Kreml qoşunlarını Ukranya ərazisindən çıxarmaq fikrində deyil, saxta referedumla Rusiyaya biləşdirdiyi ərazilərdə möhkəmlənməyə çalışır, üstəgəl Ukraynanın içərilərinə doğru genişmiqyaslı hücuma hazırlıq gedir.

“RAND Corporation” Mərkəzinin analitiklərinin hesabatında Ukrayna müharibəsinin davamının Rusiyanın başqa ölkələrə müdaxilə imkanlarının azaldığını vurğulaması Azərbaycan üçün manevr imkanları açır. Rusiya Ukrayna müharibəsi fonunda Azərbaycanla münasibətləri gərginləşdirməyəcək. Azərbaycan bundan istifadə edərək Qarabağda qayda-qanun yaradılmasını sürətləndirə bilər. Hesabat müəlliflərinin Ukrayna müharibəsi fonunda Avropa dövlətlərinin Rusiyanın enerji asılılığından qurtulmasını uğurlu gedişat kimi qiymətləndirməsi də Azərbaycanın maraqlarına uyğundur. Azərbaycanın Qarabağın tamamında nəzarəti gücləndirməsinə ABŞ və Avropa mane olmayacaq. Avropanın Azərbaycan qazına ehtiyacı var. ABŞ-ın da istədiyi budur.

Cavid