Ermənistan Qərbin ayırdığı pulları İrana verir - Aİ-nin 18,5 milyon avro vəsait İran şirkətinə yönəldilib Siyasət

Ermənistan Qərbin ayırdığı pulları İrana verir - Aİ-nin 18,5 milyon avro vəsait İran şirkətinə yönəldilib

Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistanla İran arasında yeganə sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi üçün 18,5 milyon avro vəsait ayırıb.

Trend-in açıq mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan tərəfindən sərhəd-keçid məntəqəsinin (Meqri) modernləşdirilməsi və genişləndirilməsi layihəsi İran şirkətinə həvalə olunub.

Belə ki, İranın "Tana Energy Management" şirkəti Ermənistan hökuməti tərəfindən keçirilən tenderin qalibi elan edilib. Artıq Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə adıçəkilən İran şirkəti arasında müqavilə imzalanıb. Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Yəni Aİ və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı 18,5 milyon avro vəsait birbaşa olaraq İran şirkətinə verilir.

"Ermənistan-İran qardaşlığı"nın nəticəsi olaraq ayrılan 18,5 milyon avro vəsait qərbin sanksiyalar tətbiq etdiyi İran şirkətinə verilir. Aİ İran şirkətinin icra edəcəyi layihəni maliyyələşdirir.

Aydındır ki, maliyyə vəsaiti Ermənistan tərəfinə ayrılıb. Bununla belə, vəsaitin necə xərclənməsi, habelə təyinatı və kimə veriləcəyi layihəni maliyyələşdirən tərəflərlə razılaşdırılıb.

İndi isə Ermənistanın İranla olan qardaşlıq münasibətlərinə görə Aİ-nin vəsaitini İrana verməklə həm də onun sanksiyalardan yayınmasına köməklik göstərir.

Aİ ayrılan vəsaitin düzgün istifadə olunmadığını görə geni araşdırma aparmalı və bu vəsaitin İran şirkətinə necə verildiyini aydınlaşdılrmalıdır.

Əks halda belə anlaşılır ki, Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların heç bir anlamı yoxdur və Aİ özü Ermənistana görə bu sanksiyalara məhəl qoymur.

Ermənistan hökumətinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr ayları arasında Ermənistanla İran arasında ticarət dövriyyəsi 44% artaraq 638,4 milyon dollara çatıb. Halbuki 2022-ci ilin yanvar-sentyabr ayları arasında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 363.2 milyon dollar olub.

Yəni regionda İranla ən çox iqtisadi əməkdaşlıq edən, ticarət dövriyyəsinə malik ölkə də Ermənistandır. İndi isə Ermənistan elə qərbin pulları ilə də İranla əməkdaşlıq edir. Aİ isə bu məsələdən ya xəbərsiz qalıb, ya da kimlərsə bunu görməzdən gəlir.