“ALDE Avropa Parlamentində qərəzli fəaliyyət göstərir” Siyasət

“ALDE Avropa Parlamentində qərəzli fəaliyyət göstərir”

Qabil Hüseynli: "Onlar Azərbaycnda ən önəmli məsələnin nədən ibarət olduğunu da gözəl bilirlər"

"ALDE Avropa Parlamentində qərəzli fəaliyyət göstərən qrupdur. Onlar gerçəkliyi, ictimai inkişaf səviyyəsini nəzərə almadan, qeyri-milli xarakterli dəyərlərin Avropa Şurası ölkələrində tətbiqinə cəhd edirlər". Bunu politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, ALDE qrupu Azərbaycanla bağlı çox əcaib məsələləri gündəmə gətirib, ölkəmizə təsir etmək istəyirlər: "Bu qrup Avropa Şurasında hər hansı xüsusi çəkiyə malik deyil. Onların qaldırdığı məsələ 20-30 faiz səs toplaya bilməz. İctimai rəydə müəyyən təəssürat doğurmaq istəyirlər. Ancaq onların qaldırdıqları məsələlərin hamısı elə arzularında qalacaq. ALDE qrupunun Avropa Şurasına təsir göstərmək üçün kifayət qədər yetərli səsi yoxdur". Politoloq əlavə edib ki, bu qərəzli qruplaşmanın qərarlarında ermənilərin və yunan lobbisinin böyük rolu var: "Müxtəlif qruplaşmalar var ki, onlar ermənilərin ötürdüyü məlumatlara söykənərək Azərbaycanda insan haqları və demokratik dəyərlərlə bağlı vay-şüvən qoparırlar. Onsuzda bu gün Qərb ölkələri yaxşı bilirlər ki, Azərbaycanda demokratiya yüksək səviyyədədir. Onlar Azərbaycnda ən önəmli məsələnin nədən ibarət olduğunu da gözəl bilirlər. Əsas məsələ Azərbaycanı geosiyasi bir məkan, Avropanın enerji təminatı mənbəyi kimi qoruyub saxlamaq, xaricdən ölkəmizə qarşı edilə biləcək hər hansı təcavüzün qarşısını almaqdan ibarətdir. Ona görə, liberalların nə düşünməsindən asılı olmayaraq, siyasəti müəyyən edənlər başqa cür düşünürlər".