“Siyasi məhbus” termininin özü məlum deyil” Siyasət

“Siyasi məhbus” termininin özü məlum deyil”

Əli Orucov: "Bu ifadənin özünü zəruri edən şərtlər, kriteriyalar yoxdur"

Astan Şahverdiyev: "Azərbaycanda siyasi məhbus yoxdur"

"Siyasi məhbus" termininin özü məlum deyil. Bu ifadənin özünü zəruri edən şərtlər, kriteriyalar mövcud deyil. Beynəlxalq hüquqi sənədlərdə də "siyasi məhbus" termini yoxdur. Yəni "siyasi məhbus" terminin mahiyyəti, mənşəyi konkret olaraq bəlli olmadığına görə radikal müxalifət həmişə bundan istifadə edib daha çox provokasiya ilə məşğul olur". Bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov bildirib.
Radikal müxalifətin qondarma "siyasi məhbus" siyahılarının hazırlanmasına və bununla bağlı radikal müxalifət düşərgəsində baş verən qarşılıqlı ittihamlara münasibət bildirən Ə.Orucov qeyd edib ki, radikal müxalifətin həbs edilənləri "siyasi məhbus" kimi qələmə vermək cəhdi subyektiv yanaşmadır: "Bu bir təzyiq və alver vasitəsidir. Radikla müxlaifət qondarma "siyasi məhbus" siyahıları hazırlamaqla sırf öz məqsədlərini güdür".
Millət vəkili Astan Şahverdiyev bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Radikal müxalifətin saxta "siyasi məhbus" siyahıları tərtib etməsi isə sırf anti-Azərbaycan qüvvələrin planlarının tərkib hissəsidir. Bu, radikal müxalifətin, dövlətimizin inkişafını istəməyən bəzi xarici dairələrin sətəlcəm beyinlərinin məhsuludur". A.Şahverdiyev qeyd edib ki, cinayətkarın cinayət əməllərinə siyasi don geyindirib onları "siyasi məhbus" kimi təqdim etmək cəhdi birbaşa Azərbaycana qarşı düşmənçilikdir: "Radikal müxalifət düşmən dəyirmanına su tökür, bu adamların yersiz, aqressiv, məntiqsiz addımları və qərarları bəzi xarici təşkilatlar üçün Azərbaycan haqqında hesabatlar hazırlayan zaman əsas mənbə sayılır. Bunu radikal müxalifət də gözəl bilir. Bəs nə üçün bu addımı atırlar? Çünki dövlətimizə qarşı qarayaxma kampaniyası məqsədli şəkildə aparılır və radikal müxalifət də bu planın bir tərkib hissəsi qismində çıxış edir. Kimin necə, hansı məqsədlə saxta siyahılar hazırlamasından asılı olmayaraq Azərbaycanın imicinə xələl gətirmək mümkünsüzdür. Azərbaycanın daxili qanunları və bizim ölkədə kimliyindən asılı olmayaraq heç bir cinayətkar cəzasız qalmır".
Millət vəkili Elşad Həsənov da bildirib ki, "Azərbaycanda "siyasi məhbus yoxdur. Bunun əksini iddia edənlər Azərbaycanın inkişafını istəməyən adamlardılar. Azərbaycanda söz və sərbəst toplaşmaq azadlığı ən yüksək səviyyədə təmin olunub. Hər bir azərbaycanlı qanunla müəyyən olunmuş formada öz hüquqlarından sərbəst şəkildə istifadə edir". Millət vəkili onu da qeyd edib ki, "siyasi məhbus" məsələsindən istifadə edib Azərbaycana qarşı təzyiq etməyə çalışırlar. Bu iddialar hamısı əsassızdır. Ümumiyyətlə, saxta "siyasi məhbus" siyahıları hazırlayıb ölkəmizə qarşı təxribatlar hazırlamaq, dövltimizə təzyiq etmək yolverilməzdir. Onsuz da bu, mümkün olan bir şey deyil. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda "siyasi məhbus" yoxdur və saxta siyahılar tərtib eləyib anti-Azərbaycan ruhlu bəzi xairici dairələrin maraqlarına xidmət etmək heç kimə başucalığı gətirməyəcək".