Artıq Ermənistan Azərbaycanın gücünü, mövqeyini anlayır - Ankara Universitetinin professoru Siyasət

Artıq Ermənistan Azərbaycanın gücünü, mövqeyini anlayır - Ankara Universitetinin professoru

Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə alınan qərarlar, dörd kəndin Azərbaycana qaytarılması önəmli hadisədir.

Bu barədə Trend-in suallarını cavablayarkən politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

"Ermənistanın artıq Azərbaycanla olan delimitasiya-demarkasiya məsələsinə daha obyektiv yanaşdığını görürük. Azərbaycan İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Burada hər hansı bir problemdən söhbət gedə bilməz.

Ermənistan da bu reallığı qəbul edir. Daha öncə Ermənistan işğal altında saxladığı ərazilərdən Azərbaycana qarşı istifadə edirdi. Amma Azərbaycan bu məsələni həll etdi. Anklav olmayan 4 kəndin Azərbaycana qaytarılması əlamətdar hadisədir. Çox böyük uğurlardan biridir. Deməli, Ermənistan reallığı başa düşür və Azərbaycanın gücünü, mövqeyini anlayır.

Paşinyan hakimiyyəti tezliklə Azərbaycanla digər məsələləri həll etməlidir. İki ölkə arasında davamlı sülhün olması ən böyük nailiyyətlərdən olacaq", - deyə o əlavə edib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.