BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin xüsusi əməyi və rolunu rusiyalılar unutmur - ŞƏRH Siyasət

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin xüsusi əməyi və rolunu rusiyalılar unutmur - ŞƏRH

Azərbaycan və Rusiya arasında münasibətlərin uzun tarixi var və bu gün də bu münasibətlər dinamik inkişafdadır. Prezident İlham Əliyevin aprelin 22-də Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açacaq.

Məsələ ilə bağlı Trend-ə deputatlar Azər Badamov və Müşfiq Cəfərov açıqlama veriblər.

A.Badamov bildirib ki, 22 apreldə Prezident İlham Əliyevin Rusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arası münasibətlərin inkişafında yeni bir səhifə açacaqdır.

“Dövlət başçımızın işgüzar səfəri çərçivəsində dövlət başçıları ölkələr arası münasibətlərin inkişafı və möhkəmləndirilməsi, o cümlədən regional təhlükəsizliklə bağlı müxtəlif mövzularda ikitərəfli müzakirələr aparmışdır.

22 fevral 2022-ci ildə dövlət rəhbərlərinin imzaladığı müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə ölkələrimiz arasında indi və gələcəkdə ardıcıl münasibətlərini müəyyən edir. Ölkələrimiz arası münasibətlər qarşılıqlı hörmət və dostluğa söykənmişdir. Bu münasibətlərimizin çox böyük tarixi var. Müstəqllik illərimizdə ölkələrimiz arası əməkdaşlığın inkişafı və genişləndirilməsi ilə bağlı 263 sənəd imzalanmışdır. Ölkələrimizin Parlamentləri sıx əməkdaşlıq edir və ölkələrimiz arası münasibətlərin hərtərəfli inkişafına töhfə verir.

Bu gün isə əməkdaşlıq imkanlarımız müxtəlif sahələr üzrə günü-gündən dərinləşir. Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə əməkdaşlıq edir. Bu baxımdan ilk növbədə iqtisadi əlaqələrin inkişaf dinamikasına baxsaq görərik ki, bu, artan dinamika davamlı xarakter almışdır. Belə ki, 2023-cü ildə ölkələrimiz arası ticarət dövriyyəsi 17,5%artaraq, 4 milyard dolları keçmişdir. O cümlədən ölkəmiz üzərindən Şimal-Cənub nəqliyyat marşurutu ilə aparılan daşımaların həcmi də 17% artmışdır. Bu gün Rusiyanın mindən çox şirkəti Azərbaycanda qeydiyyatdan keçmiş və 8 milyard dollardan çox sərmayə yatırmışdır. O cümlədən Ruisyanın 22 şirkəti Qarabağda yenidənqurma və bərpa işlərində iştirak etməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan da öz növbəsində Rusiyanın iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə yatırmışdır. Rusiya Azərbaycanın qeyri neft ixracında həlledici rol oynayır”, - deyə deputat qeyd edib.

O bildirib ki, ölkələrimiz arası əlaqələr humanitar və mədəni sahədə də inkişaf edir.

“Bu gün Azərbaycanda fəaliyyət göstərən 324 rusdilli məktəbdə 154 min şagird təhsil alır. O cümlədən 801 mindən çox şagird rus dilini ikinci xarici dil kimi öyrənir. 28 ali təhsil müəssisəsində rus dilli qruplarda tələbələr təhsillərini davam etdirə bilirlər. Hər il 270-ə yaxın gəncimiz Azərbaycan vətəndaşlarına ayrılmış kvotaya əsasən Rusiyanın universitetlərində təhsil almaq imkanına malikdirlər.

Cənab Prezident İlham Əliyev Moskvaya işgüzar səfəri çərçivəsində BAM-ın tikintisinin 50 illiyinə həsr olunmuş təntənəli tədbirdə də iştirak etmişdir. BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin xüsusi əməyi və rolunu rusiyalılar unutmurlar. 50 il əvvəl BAM 2 milyondan çox gəncin səfərbər olunaraq ərsəyə gətirilmiş ümmumittifaq əhəmiyyətli layihə idi. Yolsuz Sibir meşələrindən dəmir yolu çəkmək ən çətin və mürəkkəb bir iş hesab olunurdu. Layihənin icrasının çətinliyini görən sovet rəhbərliyi bu sahəni Heydər Əliyevə tapşırdı. Onlar bilirdilər ki, ancaq Heydər Əliyevin təcrübəsi, rəhbərlik etmək bacarığı və qətiyyəti BAM-ı ərsəyə gətirə bilərdi. Təbii ki, belə də oldu. Heydər Əliyev BAM-ın tikintisinə bütün gücünü səfərbər edir və on günlərlə müəyyən çətinliklərlə üzləşərək tikinti sahələrinə gedir və kollektivlərlə görüşərək tapşırıqlarını verirdi. Məhz o vaxtı yolun tikintisində işləyənlərin Heydər Əliyevdən bir rəhbər kimi diqqət və məhəbbətin görməsi sayəsində daha da həvəslənmiş və BAM-ı vaxtından əvvəl yekunlaşdıra bilmişdilər. Bu gün BAM-ın tikintisində iştirak edənlər Heydər Əliyevin xatirəsini unutmurlar və yad edirlər. O cümlədən Anqoya qəsəbəsindəki dəmir yol vağzalına Heydər Əliyevin adını verilib.

Bu gün Azərbaycanın iştirakı ilə ərsəyə gələn Şimal-Cənub nəqliyyat dəhlizi Şimal dənizini Hind okeanı ilə birləşdirilməsinə imkan verəcəkdir. Bu beynəlxalq nəqliyyat dəhlizinin əmələ gəlməsi fars körfəzindən Şimal dənizinə qədər daşımaları təmin edəcək böyük bir marşrutu formalaşdırmaqla ölkələrimizin beynəlxalq daşımalarda iştirakını genişləndirməklə böyük bir regionda geosiyasi əhəmiyyətimizi artıracaqdır. Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi həm də regiona davamlı təhlükəsizlik gətirir”, - deyə deputat əlavə edib.

M.Cəfərov isə bildirib ki, bu gün Rusiya Azərbaycan münasibətləri tam fərqli konteksdə inkişaf edir.

“Əslində, bu konteks 2020-ci ildən formalaşmağa başlayıb. Artıq Azərbaycan Rusiya ilə münasibətlərini Cənubi Qafqazda dəyişdirdiyi gedişatlar üzərində qurur. Hazırda Rusiyada iki ölkə arasında regiondakı kommunikasiya məsələlərinin geniş müzakirə olunduğu mütləqdir. Qazaxın kəndlərinin də qaytarılması gözlənilən kommunikasiya xəttlərinin açılmasına bir addımda yaxınlaşmaq deməkdir.

İndiki şəraitdə dövlətimiz xarici siyasətdə ancaq öz maraqlarından irəli gələn tərəfdaşlıqlar qurur. Doğrudur böyük dövlətlərin maraqlarının toqquşduğu bir regionda buna nail olmaq olduqca çətindir. Son illər qlobal siyasətin əsas gücləri olan dövlətlər Azərbaycanın milli maraqlarını necə qoruduğunun şahidi oldu və bu maraqlar onlar üçün Cənubi Qafqaza giriş açarı rolunu oynayır. Azərbaycan regionun geopolitik məkanıdır. Cənubi Qafqazla bağlı bütün əməkdaşlıqlar dövlətimizin milli maraqları çərcivəsində baş tutur”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya əlaqələri də dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf edir.

“İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Azərbaycan daima xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verib. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Dövlətimiz çoxşaxəli əməkdaşlıqları öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlıqların genişləndirilməsinə çalışır. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur”, - deyə M.Cəfərov əlavə edib.