Azərbaycan mədəniyyətlərarası dialoqu ən geniş şəkildə təşviq edir - Sevil Mikayılova Siyasət

Azərbaycan mədəniyyətlərarası dialoqu ən geniş şəkildə təşviq edir - Sevil Mikayılova

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada baş verən yeni münaqişələr, yeni toqquşmalardan narahatlığı ifadə edərək, çağdaş çağırışları növbəti dəfə diqqət mərkəzinə gətirir. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən tədbirdə 110 ölkənin nümayəndəsinin iştirak etməsi, sözsüz ki, forumun beynəlxalq nüfuzundan xəbər verir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqu təşviq etməklə ziyalıları, siyasətçiləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirir.

“Əsrlər boyu mədəniyyətlərin qovuşduğu Azərbaycan cəmiyyəti tolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi yüksək mənəvi dəyərləri qoruyub saxlaya bilib. Bu gün Azərbaycan cəmiyyətində hər kəs dinindən, etnik mənşəyindən asılı olmayaraq, bərabər hüquqlara malikdir. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirir”, - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova onu da qeyd edib ki, bu gün Azərbaycan mədəniyyətlərarası dialoqu ən geniş şəkildə təşviq edən ölkələrdən biri, hətta birincisidir. Forumda çıxışı zamanı Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir.

"Təəssüf ki, dünyada çox ağrılı-acılı müstəmləkə tarixçəsi olan ölkələr var. Eyni zamanda, yeni müstəmləkəçilik tendensiyaları yayılmaqdadır və beynəlxalq təşkilatlar, böyük güclər bu tendensiyalara biganə yanaşırlar, hətta bəzən bunun tərəfdarı rolunda da çıxış edirlər. XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına imkan vermək olmaz. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır”, - deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycan hazırkı dünyada sivilizasiyalararası körpü rolunu oynayır.

"Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan bu böyük tədbirə ev sahibliyi etməklə regionda və dünyada qarşılıqlı etimadı gücləndirməyə, problemləri danışıqlar yolu ilə həll etməyə çalışır.

Əlbəttə ki, 30 il torpaqları işğal altında qalan bir ölkənin sülh, mədəni dialoq təşəbbüsləri ilə çıxış etməsi digər ölkələr üçün örnək olmalıdır. Məhz Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan baza prinsiplərini, hətta sülh sazişinin layihəsini özü hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar Azərbaycanın təklifləri əsasında aparılır", - deyə deputat qeyd edib.

"Bütün bu proseslər ölkəmizin sülhpərvər rəhmini göstərməklə yanaşı, dünyanın təhlükəsiz düzəninə töhfə vermək iradəsini də nümaiş etdirir", - deyə S.Mikayılova bilidirib.