“Bunu etmək üçün qanunvericilik dəyişməlidir” Siyasət

“Bunu etmək üçün qanunvericilik dəyişməlidir”

“İş vaxtının saatının, gününün azaldılması, məsafədən işlərin yerinə yetirilməsi kimi məsələlər dünyada eksperiment şəklindədir. Söhbət əmək haqqını azaltmadan iş vaxtının qısaldılmasından gedir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) direktoru Sahib Məmmədov deyib. O, bildirib ki, dövlət sektoru (bizim halda həm də büdcə təşkilatları) bu dəyişikliklərə hazır deyil: “Bunu etmək üçün qanunvericilik dəyişməlidir. Kommersiya qurumları isə bunu edə bilərlər. Qanunvericiliyə hər hansı dəyişiklik olmadan.
Bizdə konstitutsion norma 8 saatdır. Praktikada isə bəzən işçini 10-12 saat işlədirlər qanunsuz olaraq.
Dünyada bu praktikanı tətbiq edən biznes sahələri əmək haqqını dəyişmədən iş vaxtını o zaman azaldır ki, bundan fayda götürsün. Bu isə yeni və müasir texnologiyanın tətbiqi nəticəsində baş verir.
Həm də ən əsası bunu etmək üçün sahibkar işçi qarşısında sosial məsuliyyətini dərk etməli, ona sosial partnyor kimi baxmalıdır.
İşçisinə qul kimi baxan biznesmen (işəgötürən) heç zaman işçi mənafelərini düşünməyəcək. Əvvəlcə təfəkkür dəyişməlidir, sonra qanunvericilik və praktika”.