BMT Azərbaycanı COP29-un uğurla keçirilməsində dəstəkləyəcək - Vladanka Andreyeva Siyasət

BMT Azərbaycanı COP29-un uğurla keçirilməsində dəstəkləyəcək - Vladanka Andreyeva

BMT-nin COP29 barəsində öhdəliyi nəticələri uzunmüddətli xarakter daşıyacaq bu mühüm proseslə əlaqədar Azərbaycanı dəstəkləməkdən ibarətdir.

Trend xəbər verir ki, bu barədə bu gün BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda “PAŞA Holding” və BMT-nin keçirdiyi “29 İqlim söhbəti: COP29-a gedən yol” tədbirində məlumat verib.
Onun sözlərinə görə, BMT ekspertləri konfransın uğurlu olması və iştirakçılarının "iqlim missiyasını" dərk etmələrini təmin etmək üçün bütün səylərini göstərəcəklər.

Andreyeva həmçinin planetdə istiləşmənin 1,5 dərəcəyə çatdığını və nəsillər qarşısında öhdəlikləri yerinə yetirməyin və belə bir temperatur çərçivəsində qalmağın çox aktual bir məsələ olduğunu qeyd edib.

"İstixana qazlarının emissiyasını 45 faiz azaltmalıyıq", - deyə Andreyeva vurğulayıb.

O qeyd edib ki, COP30 Braziliyada keçiriləcək və Bakıda COP29-da keçiriləcək iclasda qəbul olunanlar sonrakı iqlim konfranslarına təsir edəcək, çünki bu davamlı prosesdir.

"COP29 iqlim dəyişikliyi sahəsində bir sıra əməllərin həyata keçirilməsi üçün tədbirlər görməyə imkan yaradır. Biz müvafiq model və strategiyalar hazırlayırıq", - deyə Andreyeva əlavə edib.

Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır.
Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.