FHN-in Akademiyasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib Siyasət

FHN-in Akademiyasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Xocalısoyqırımının 25-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Sovet ordusuna məxsus 366-cı motoatıcı alayın iştirakı ilə erməni qəsbkarlarının reallaşdırdığı Xocalı soyqırımını XX əsrin ən böyük faciələrindən biri adlandıraraq qeyd edib ki, həmin müdhiş hadisə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri məkrli siyasət, o cümlədən Xocalı soyqırımı barəsində gənc nəslə, xüsusən də kursantlara, əsgərlərə ətraflı məlumat verilməli, düşmənin kimliyi tanıdılmalıdır. Nazir müavini Xocalıda baş verən həmin hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb və həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıbır.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisəni erməni millətçi ünsürlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğın aksiyası adlandırıb. O, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya tarixinə qısa ekskurs edərək bildirib ki, qan yaddaşımıza çevrilmiş bu hadisə unudulmamalı, soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev Xocalıda baş vermiş soyqırımı aktının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıb.
Deputatı Elman Nəsirov tarixin dərsləri ilə qiymətli olduğunu vurğulayaraq xalqımızın başına gətirilmiş bu kimi faciələrdən nəticə çıxarmağın vacibliyini nəzərə çatdırıb. Xocalı hadisələrinin bütün əlamətlərinə görə beynəlxalq terror aktı olduğunu bildirən deputat bu hadisənin günahkarlarının layiqli cəzalarının alacaqlarına əminlik ifadə edib.
Çıxışlardan sonra tədbir iştirakçıları İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Soyqırımı tarixinin dastanı" tamaşasını izləyiblər.