“COP29 Azərbaycan vətəndaş cəmiyyəti üçün tarixi fürsət yaradıb” Siyasət

“COP29 Azərbaycan vətəndaş cəmiyyəti üçün tarixi fürsət yaradıb”

“Ən vacib istiqamətlərdən biri COP29-da vətəndaş cəmiyyətinin geniş təmsilçiliyidir. Ev sahibi kimi rəsmi Bakı bununla bağlı böyük iş görüb və COP tarixində ilk dəfə olaraq Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə COP29 Qeyri-Hökumət Təşkilatları Koalisiyası yaradılıb”.

Bunu xalqcebhesi.az-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib.

O, bunun beynəlxalq koalisiya olduğunu bildirərək qeyd edib ki, burada 80-dən çox ölkənin nümayəndələri təmsil olunur: “Bu koalisiya imkan verir ki, vətəndaş cəmiyyətinin səsini daha güclü vurğulayaq, vətəndaş cəmiyyətinin iqlim dəyişmələrinin idarə edilməsində rolunu daha da gücləndirək. Eyni zamanda, bizi vətəndaş cəmiyyətlərinin əməkdaşlığına təşviq edir və COP29 bunun üçün çox gözəl bir imkan yaradıb. Ümumiyyətlə, COP29 Azərbaycan vətəndaş cəmiyyəti üçün tarixi fürsət yaradıb. Azərbaycan vətəndaş cəmiyyəti həm öz potensialını nümayiş etdirir, həm yeni tərəfdaşlıqlar qurur və ev sahibi kimi də əməkdaşlığa təşviq edir. Bütün dünyadakı vətəndaş cəmiyyətləri institutları Bakıya toplaşıb və bilavasitə Azərbaycan QHT-lərinin də onlarla ünsiyyət, əməkdaşlıq imkanları yaranıb”.

Z.İbrahimli əlavə edib ki, Azərbaycan vətəndaş cəmiyyəti də COP29-un devizinə sadiq olaraq iqlim dəyişmələrindən çox təsirlənən və diqqətdən kənarda qalan regionların vətəndaş cəmiyyəti üçün meydan verir: “Azərbaycan Milli QHT Forumunun pavilyonu onların ixtiyarına verilib. Onlar burada öz tədbirlərini keçirə bilirlər. Həmçinin sözügedən Forumun da dəstəyi ilə Afrikadan, həmçinin ada ölkələrindən olan vətəndaş cəmiyyəti təmsilçiləri müxtəlif görüşlər, tədbirlər keçirib, müzakirələr aparırlar və təkliflər hazırlayırlar. Azərbaycan vətəndaş cəmiyyəti də öz təklifləri, təşəbbüsləri ilə bu prosesə töhfə verməkdə davam edir. Söyləmək olar ki, COP29 tarixi konfranslardan biri olacaq. Burada aparılan müzakirələr, yaradılan zəminlər iqlim dəyişmələrinin idarə edilməsi prosesini daha da səmərəli edəcək və daha çox praktik addımlar atılmasını şərtləndirəcək”.

Röya İsrafilova