

“İsrail baş naziri Qəzza zolağını tam olaraq nəzarətə götürmək və HƏMAS və digər silahlı qruplardan təmizləyərək burada İsrailin nəzarətində yeni idarəçilik qurmaq, əhalinin bir hissəsini başqa ölkələrə köçürməyi planlayır. Tanklar və zirehli texnikaların böyük miqyasda iştirak etdiyi 3 mərhələli əməliyyatı Netanyahu “Gideonun döyüş arabaları” əməliyyatı adlandırılıb”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu söyləyib
K.Rövşənoğlu əlavə edib ki, bu əməliyyat Yaxın Şərqdə sülh ümidlərini daha da azaldır: “Aydın məsələdir ki, Netanyahu hakimiyyəti nəyin bahasına olursa olsun Qəzza və ümumilikdə Fələstində İsrailin nəzarətini möhkəmləndirmək, bölgədə İsraili təhdi dedə biləcək hərbi-siyasi gücün olmasının qarşısını almağa çalışır və hazırda buna böyük ölçüdə nail olub”.
Onun sözlərinə görə, lakin bir məsələ var ki, son addımları Netanyahunu dünyada təkləyir, İsrailin özündə, Qərbdə ona olan dəstək sürətlə azalır, hətta ABŞ hökuməti ilə münasibətləri soyuyub: “Bu da İsrail üçün arzuolunan deyil. Baxmayaraq ki, hazırda regionda İsraili təhdid edəcək güc demək olar ki, qalmayıb. Lakin hər bir halda son iki ildə davam edən əməliyyatlar İsrailin beynəlxalq dəstəyini əhəmiyyətli dərəcədə azaldıb”.
Röya İsrafilova