“Məqsəd təkcə İranın nüvə proqramı deyil” Siyasət

“Məqsəd təkcə İranın nüvə proqramı deyil”

“Sosial şəbəkədə İsrail-İran qarşıdurması haqda hayların mövqelərini izləyirəm. Sosial şəbəkənin hay seqmentində İrana Ermənistan mediasındakından daha açıq dəstək var və ikinci Qarabağ savaşı zamanı Artsrun Hovannisyanın "taktiki geriçəkilmə"sindən betər sarsaqlamalarla doludur”.

“Xalq Cəbhəsi”nin məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib.

S.Alıyev “ikinci diqqətimi çəkən məhz Nikol Paşinyana yaxın teleqram kanallarının Rusiyada bəlli strukturlara bağlı informasiya resurslarıyla sinxron çalışmaları, Azərbaycana qarşı birgə hibrid həmlə təşkil etmək cəhdləridir”,_ deyə bildirib: “Onlar yenildiyi göz deşən tərəfin qəzəbini çeşidli uydurmalarla bizim üzərimizə yönəltməyə çalışırlar.

Belədə sual yaranır ki, görəsən qərbdəkilər nə düşünürlər, əgər Ermənistan doğrudan da Rusiya ilə yollarını ayırıbsa və orada dedikləri kimi Azərbaycanla əlaqələri yoluna qoymaq istəyirlərsə, bəs nədən hətta Paşinyana yaxın teleqram kanalları da məqsədlərinin imperiyanın bərpası olduğunu gizlətməyənlərlə çiyin-çiyinə hərəkət edirlər? Yoxsa elə qərbdəkilərin də bəziləri bunda maraqlıdırlar?

Sosial şəbəkənin hay seqmentində onların köhnə tanışlarından olan təzə havadarları Hindistanın İsraili dəstəkləməsinin çox qabarıq görünməsə də məyusluq doğurduğu da sezilir. Demək ki, bu savaş hayların Hindistan-İran-Ermənistan üçlüyünə bəslədikləri ümidin də üstündən arzulandığı qədər qalın olmasa da, hər halda xətt, həm də qırmızı xətt çəkdi.

Ancaq bu xəttin getdikcə qalınlaşacağı ehtimalı da get-gedə artmaqdadır. Çünki vurulan obyektlərin siyahısına, verilən bəzi açıqlamalara diqqət yetirəndə aparılan savaşda məqsədin təkcə İranın nüvə proqramını, yaxud da raket cəbbəxanasını ləğv etmək olmadığı aydın görünür”.