
İsrailə İran hücumlarında 1200-dən çox yaralı
20 İyun 17:52
İranın Azərbaycana qarşı təbliğatında əsas rupor olan “Səhər” kanalı İsrailin hücumlarına görə Bakını ittiham edib: İsrailin Azərbaycanda hərbi bazalarının olduğunu, İranda casus fəaliyyətinin buradan aparıldığını, eləcə də Muğanda hərbi obyektlərin və Təbrizin bombalanmasının bu bazadan həyata keçirildiyini iddia edirlər;
İran İsraillə müharibədə həmişə olduğu kimi, yenə “sionistləri” Araz sahillərində axtarır. Daha öncə İsrail Suriyada İranın mövqelərini bombalayanda, Dəməşqdəki konsulluq binasını yerlə-bir edəndə, dronları TIR-larla İrana daşıyıb, xüsusi əməliyyat keçirəndə də eyni “axtarışlar” aparılmışdı, indi də eyni taktikaya əl atırlar. Çünki kiçik İsrail qarşısında çıxılmaz vəziyyətinə düşən İran hakimiyyəti məğlubiyyətə bəhanə tapmalıdır. İndiyə qədər İranın qüdrətindən, İsraili bir gecədə Yer üzündən siləcəklərindən danışan rejim bir gecədə “ova” çevrildi.
Kiçik İsrail 2000 kilometr uzaqlıqdan gəlir, bir gecədə İranın bütün hərbi rəhbərliyini sıradan çıxarır, hava məkanını nəzarətə götürür, raketlərini, nüvə obyektlərini, nüvə alimlərini, bir sözlə hərbi potensialını yerlə-bir edir. Və bütün bunlar baş verərkən, İranın hərbi rəhbərliyi - generalları yatırdılar, elə yatdıqları yerdə öldürüldülər.
46 ildir İranın böyük “qüdrəti”ndən danışan, İsraili bir zərbə ilə Yer üzündən silə biləcəyini deyən İran rejimi üçün dəhşətli mənzərədir.
İsrailin bir gecədə İranı necə iflic edə bildiyi də artıq sirr deyil.
İsrail uzun illər ərzində İranda geniş casus şəbəkəsi qura bilib: bu şəbəkə ölkənin ən aşağı səviyyəsindən tutmuş, ən yuxarı səviyyəsinə qədər hər yeri əhatə edir. Hələ Həmas lideri İsmayıl Haniyə İranda inaqurasiya mərasimində iştirakı zamanı qaldığı oteldə nöqtə atışı ilə öldürüləndə İsrailin bu ölkədə təsir imkanlarının hansı səviyyədə olduğu ortaya çıxmışdı. Eyni ssenari İranın hərbi rəhbərliyinə qarşı də tətbiq olundu. Baş Qərargah rəisi, SEPAH komandanı və digər generallar nöqtə atışı ilə Haniyənin taleyini yaşadı.
İranın hərbi və nüvə obyektlərini, ümumilikdə müdafiə sənayesini sıradan çıxaran zərbələrin böyük hissəsi başqa yerdən yox, məhz ölkənin daxilindən endirilib, daha öncə baş verdiyi kimi. İsrail dronlarını istehsal edən müəssisələrin aşkarlanması, PUA daşıyan TIR-ların saxlanılması, casusların tutulması bütün bunların İranın özü tərəfindən etiraf edilməsi deməkdir.
İndi İran rejimi baş verənlərə görə ya öz bacarıqsızlıqlarını qəbul etməlidir, ya da...
Rejim öz zəifliyini ört-basdır etmək üçün ikincini - yeni düşmən obrazının yaradılmasını seçir. Azərbaycana qarşı irəli sürülən ittihamlar da məhz bundan qaynaqlanır. Bu ittihamların “Səhər” kanalı tərəfindən irəli sürülməsi isə sifarişin İran rəhbərliyi tərəfindən verildiyi və qarşıdakı günlərdə geniş kampaniyaya çevrilə biləcəyi ehtimalını önə çıxarır.
Asif Nərimanlı