Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib Siyasət

Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib

Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Ukrayna işğalla barışmamalıdır: "Biz sırf bunu etmişik. Birinci Qarabağ müharibəsi dövrü çox çətin idi, faciəvi idi, böyük sayda itki vermişdik. Azərbaycanlılara qarşı Xocalı şəhərində soyqırımı törədilmişdi. Xocalı şəhəri buradan bir neçə kilometr aralıdadır. Münaqişədən sonrakı dövr heç də asan və yaxud da daha az ağır deyildi. Mənəvi baxımdan, həmçinin iqtisadi baxımdan çətin idi. 1 milyona yaxın insan öz bölgəsindən didərgin düşmüşdü - 700 min azərbaycanlı Qarabağ bölgəsindən, 250 min azərbaycanlı isə Ermənistandan deportasiya olunmuşdu. Və o dövrdə bizim əhalinin sayı 8 milyona bərabər idi. Adambaşına düşən qaçqın sayı çox yüksək idi, pulumuz yox idi, büdcəmiz boş idi. Demək olar ki, heç kim dəstək vermirdi. Bizim heç kimdən əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi. İqtisadiyyat faciəvi şəkildə idi, inflyasiya, işsizlik və yoxsulluq. Yoxsulluq təxminən 100 faizə bərabər idi. Bax belə bir Azərbaycanda o vaxt Heydər Əliyev rəhbərliyə gəldi. Xalqımızın bəxti gətirdi, həmin dövrdə belə bir insan var idi ki, xalq ona müraciət etdi və o insan o çətin vəzifəni öz öhdəsinə götürdü. Həmin dövrdə heç də cavan deyildi, 70 yaşı var idi, səhhəti bir o qədər yaxşı deyildi, çətin xəstəliklərə qalib gəlmişdi. Lakin sırf o vəziyyəti sabitləşdirməyi bacardı. Və üstəlik vətəndaş müharibəsi. Tədricən biz ayaqüstə durmağa başladıq və bərpaya başladıq. Əminəm ki, əhalimizin böyük əksəriyyəti dediyimlə tam razıdır. Hamı işğal olunmuş əraziləri necə qaytarmağı düşünürdü".