

"Mən buna etiraz etmirəm ki, Azərbaycan və Ermənistanın milli maraqları üst-üstə düşə bilər. İş orasındadır ki, Ermənistan bunu fərqli görür. İşğal dövrü, azərbaycanlıların qovulması, zorakılıq, dağıntılar və soyqırımı olmasaydı, Cənubi Qafqazda vəziyyət tamamilə fərqli olardı".
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Cənubi Qafqaz çoxdan həm iqtisadi, həm siyasi, həm də enerji baxımından inteqrasiya edilmiş məkan olardı və işlər daha gözəl gedərdi: "Bu qədər zaman itkisi olmazdı, vaxt itirməzdik. Səbəb bizdə deyil, səbəb Ermənistanda hakimiyyətdə olan rejimlərin işğalçı mahiyyəti idi. Sovet İttifaqının süqutundan sonra onların bir-birindən o qədər də fərqi yox idi. Azərbaycanafobiya və Azərbaycana qarşı əsassız aqressiya. Siz artıq neçənci dəfədir ki, buradasınız, siz dağıntıların şahidi olursunuz. Bizim dini abidələrimizin təhqir edilməsinin şahidi olursunuz".