

“İlkin olaraq onu qeyd etmək lazımdır ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Birgə Bəyanat Azərbaycanın hərbi sahədə qazandığı tarixi Zəfərin diplomatik müstəvidə təntənəli şəkildə təsdiq olunması ilə yanaşı, post-münaqişə dövründə sülh və sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüslərin uğurla nəticələndiyini bir daha nümayiş etdirdi. Bu sənəd bir tərəfdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyırsa, digər tərəfdən isə Azərbaycanın regional və qlobal siyasətdə artan nüfuzunun, milli maraqlara əsaslanan ardıcıl və prinsipial xarici siyasət kursunun bariz göstəricisidir. Eyni zamanda, Vaşinqton Bəyanatı Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi niyyətinin liderlər səviyyəsində rəsmi şəkildə bəyan olunması ilə fərqlənir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
A.Qurbanovanın sözlərinə görə, təbii ki, qlobal sistemin aparıcı güc mərkəzi olan ABŞ ilə strateji tərəfdaşlıq dünyanın əksər ölkələri üçün prioritet xarakter daşıyır: “Azərbaycan da bu istiqamətdə enerji, nəqliyyat, ticarət, süni intellekt, müdafiə və yüksək texnologiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Bəyanatın əhəmiyyətli hissələrindən biri də ATƏT-in Minsk Qrupunun fəaliyyətinə Azərbaycan və Ermənistanın birgə təşəbbüsü ilə rəsmi şəkildə son qoyulmasıdır. Heç şübhəsiz ki, funksional əhəmiyyətini itirmiş bu institusional mexanizmin hüquqi cəhətdən ləğv edilməsi Azərbaycan diplomatiyasının uzunmüddətli və prinsipial mövqeyinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Bununla da ölkəmiz bir daha nümayiş etdirdi ki, beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe və məqsədyönlü diplomatik fəaliyyət nəticə verir. Həmçinin Vaşinqtonda paraflanmış sülh sazişi Azərbaycanın 44-günlük Vətən müharibəsində qazandığı tam və qətiyyətli hərbi qələbənin beynəlxalq hüquq müstəvisində tanınması nöqteyi-nəzərindən mühüm strateji əhəmiyyətə malikdir. Bu sənəd regional sabitliyə töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir”.
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi təşəbbüsünün reallaşması isə cənab Prezidentin strateji baxışının və uzaqgörən diplomatiyasının mühüm təzahürü kimi dəyərləndirilməlidir: “Ermənistanın uzunmüddətli qeyri-konstruktiv yanaşmalarına baxmayaraq, bu dəhliz artıq təkcə regional nəqliyyat layihəsi deyil, həmçinin böyük güclərin, o cümlədən ABŞ-nin siyasi dəstəyi ilə möhkəmlənmiş geostrateji təşəbbüs statusu qazanmış mühüm addımdır. Beləliklə də, dəhlizin reallaşması Azərbaycanın Avrasiya məkanında mühüm nəqliyyat və ticarət mərkəzi rolunu daha da gücləndirəcək. Tarixi təcrübə göstərir ki, bir çox ölkələr müharibədə qələbə qazansalar da, diplomatik müstəvidə bu qələbəni qoruya bilməmişlər. Lakin Azərbaycan hərbi sahədə əldə etdiyi qələbəni hüquqi və diplomatik müstəvidə uğurla möhkəmləndirməyə nail olmuş azsaylı dövlətlərdən biridir. Bu fakt Azərbaycanın müasir dövrdə regionda və beynəlxalq münasibətlər sistemində artan rolunun real göstəricisidir. Vətən müharibəsindən sonra Azərbaycana qarşı təzyiq göstərməyə və ölkəmizi təcrid etməyə çalışan dairələrin cəhdlərinə baxmayaraq, Azərbaycan diplomatik mövqeyini daha da gücləndirmiş, yeni strateji tərəfdaşlıqlara imza atmış və beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi özünü təsdiq etməyə nail olub”.
O eləcə də bildirib ki, nəticə etibarilə, Vaşinqton Bəyanatı Azərbaycanın suveren, öz milli maraqlarını qətiyyətlə müdafiə edən və geosiyasi proseslərə təsir imkanlarına malik müstəqil aktor kimi mövqeyini bir daha nümayiş etdirən mühüm sənəd kimi tarixə düşdü: “Bu sənəd yalnız regional sülh və təhlükəsizliyin zəmanəti deyil, eyni zamanda Azərbaycan diplomatiyasının ardıcıl, prinsipial və strateji xəttinin real nəticələrinin göstəricisidir. Azərbaycan sübut etdi ki, müasir müstəqil dövlətçilik modeli güclü siyasi liderliyə, beynəlxalq hüquqa və ədalətə əsaslanan siyasət vasitəsilə uğurla qurula bilər. Ona görə də, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət Azərbaycanı həm regionda, həm də qlobal miqyasda dayanıqlı, səmərəli və hörmət edilən tərəfdaşa çevirib”.
Röya İsrafilova