“Bu, Rusiyanın istifadə etdiyi hazır kartdır” Siyasət

“Bu, Rusiyanın istifadə etdiyi hazır kartdır”

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı cinayətkarcasına sərgilədiyi əməliyyat və qətllər fonunda Azərbaycan-Rusiya münasibətləri gərginləşib. Birmənalı olaraq belə bir vəziyyətin yaranmasında Rusiya rəsmilərinin, xüsusi xidmət orqanlarının, hüquq-mühafizə orqanlarının “xidməti” böyükdür”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov vurğulayıb ki, soydaşlarımıza qarşı bu cür cinayətlər qarşılıqsız qala bilməzdi: “Azərbaycan da öz mövqeyini sərt formada bildirib. Hazırda Rusiyada yaşayan soydaşlarımıza qarşı bu cür cinayət əməlləri həyata keçirərək onların qorxudulması prosesi gedir. Rusiyada etnik və irqi zəmində toqquşmalar ölkənin əksər regionlarını əhatə etməyə başlayıb. Azərbaycana soydaşlarımız vasitəsilə təzyiq etmək istəyirlər. Bu, Rusiyanın istifadə etdiyi hazır kartdır. Hər zaman ən kiçik siyasi fikir ayrılığında bu dövlət həmin kartı istifadə edərək Azərbaycana qarşı təzyiq göstərməyə çalışır”.

Deputatın sözlərinə görə, Rusiyada azərbaycanlılara qarşı olan təzyiqlərlə bağlı danışarkən ikitərəfli münasibətlərin, daxili siyasi proseslərin və xarici amillərin kompleks qarşılıqlı təsirini də nəzərə almaq lazımdır: “Ümumiyyətlə, baş verən hadisələr həm Azərbaycan dövləti, həm də cəmiyyəti tərəfindən reydlərin sərtliyini və saxlanılanların ölümünün araşdırılmasında şəffaf olmadığından bu hərəkətləri məqsədyönlü anti-azərbaycan siyasətinin təzahürü kimi qiymətləndirir. Rusiya isə əksinə, əməliyyatın qanuni olmasında israr edir, bunu mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə əlaqələndirir və saxlanılanların ölümünü təbii səbəblərlə izah edir ki, bu da siyasi zərəri minimuma endirmək cəhdidir. Amma bütün hallarda Rusiyanın dövlətimizə qarşı olan bu münasibəti qəbuledilməzdir. Ümid edirəm ki, Azərbaycanın müstəqil və güclü xarici siyasətindən narahatlığı açıq-aşkar nümayiş etdirən şimal qonşumuz dövlətimizə qarşı olan münasibətində dəyişikliklər edəcəkdir”.

Röya İsrafilova