“Paşinyanın açıqlaması Ermənistanın hərbi reallığını göstərir” - Xəlil Cəlilov Siyasət

“Paşinyanın açıqlaması Ermənistanın hərbi reallığını göstərir” - Xəlil Cəlilov

“Paşinyanın məlum yanaşması tamamilə mövcud reallıqları əks etdirir”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Xəlil Cəlilov bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə güclüdür. Ekspert hesab edir ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş hazırlığı və maddi-texniki bazası daha da güclənib: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bugünkü Azərbaycan Ordusu Vətən müharibəsindəki ordu deyil. Hazırkı Azərbaycan Ordusu həmin dövrdən qat-qat güclü və qüdrətlidir. Bu isə onu göstərir ki, Azərbaycanla Ermənistan arasında güc balansı zaman keçdikcə daha da artır və Ermənistanın bu nisbəti dəyişməsi mümkünsüzdür”.
O, əlavə edib ki, Paşinyanın açıqlaması həm hərbi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır: “Bu bəyanat həm daxili, həm də xarici auditoriyaya ünvanlanıb. Ermənistan rəhbərliyi açıq şəkildə göstərmək istəyir ki, ölkənin Azərbaycanla yenidən hərbi müstəvidə qarşılaşmaq niyyəti və potensialı yoxdur. Eyni zamanda, bu yanaşma revanşist qüvvələrə də konkret mesajdır. Onların arzuları ilə reallıq arasında böyük fərq var və bu niyyətlər heç vaxt gerçəkləşməyəcək.”
Xəlil Cəlilovun sözlərinə görə, Paşinyanın çıxışı regional sülh və təhlükəsizlik baxımından anlaşılandır və bölgədəki mövcud reallığı ifadə edir.

Günel Elxan