Filippin səfiri: Azərbaycana birbaşa uçuş və viza məsələləri ilə bağlı danışıqlar aparılır Siyasət

Filippin səfiri: Azərbaycana birbaşa uçuş və viza məsələləri ilə bağlı danışıqlar aparılır

Filippinlə Azərbaycan arasında birbaşa uçuş və viza məsələləri ilə bağlı danışıqlar aparılır.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Filippinin Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir - müəl.) Henri Bensurto bildirib.

Səfirin sözlərinə görə, əsas məsələ məsafənin uzaqlığıdır ki, bunu da keyfiyyətli hava yolu xidməti ilə təşviq etmək mümkündür:

"Ölkələrimiz arasında turizmə stimul vermək üçün birbaşa uçuş və ya daha yaxşı hava xidmətlərinin təmin olunmasından istifadə edə bilərik. Bu, sizin rəsmilərlə davamlı müzakirə etdiyimiz məsələdir. Əslində, buna hər iki tərəfin də marağı var. Digər praktik problem viza məsələsidir ki, bununla da bağlı Azərbaycan və Filippin arasında danışıqlar davam edir".

H.Bensurtonun fikrincə, ölkələr arasındakı qarşılıqlı viza tələbini hökumətlərarası danışıq yolu ilə sadələşdirmək mümkündür:

"Biz diplomatlarla əlaqədar viza tələblərindən imtina ilə bağlı razılaşma əldə etmə mərhələsindəyik. Bu, ilk addımdır. Buna nail olduqdan sonra onu sadə insanlarımıza da tətbiq edə bilərik. Yəni bu və digər sahələrdə əməkdaşlığımız üçün həll yolları, prosesləri öyrənmək və tətbiqləri asanlaşdırmaq istiqamətində bir səfir olaraq fəaliyyətlərim davam edir".

Qeyd edək ki, səfir Ankaradakı iqamətgahında bu günlərdə keçirdiyi brifinqdə "Milad bayramında Filippinə gəl" başlıqlı növbəti təqdimatını Azərbaycanda keçirmək arzusunu ifadə edib. O deyib:

"Filippinin əsrarəngiz adaları turistlərin yolunu gözləyir. Biz mütəmadi turizmin təbliği ilə məşğul oluruq. Azərbaycanla Filippin arasında get-gəllərin sayı günbəgün artır. Azərbaycan dünyanın bir çox yerləri ilə əlaqə saxlayır. Bu baxımdan, azərbaycanlı turistlərin ölkəmizi ziyarət etməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu məsələlərdə medianın da rolu danılmazdır və buna görə də, sizlərə təşəkkür edirik. Düşünürəm ki, bu cür ziyarətlərlə insanlarımız bir-birini daha yaxından tanıyacaq və isti münasibətlərdən sonra məsafələr də gözə görünməyəcək".