

“ABŞ Avropaya enerji resurslarını təqdim etməyə hazır olduğunu bildirib. Bu isə əslində Rusiya üzərinə əlavə təzyiq vasitəsi kimi istifadə edilir. Məqsəd Ukraynada və bütövlükdə regionda sülhün daha tez təşəkkül tapması üçün siyasi mesaj verməkdir. Lakin ABŞ-dən enerji tədarükü əsasən dəniz yolu ilə mümkündür. Bu isə boru kəmərləri vasitəsilə Rusiyadan gələn qazdan daha baha başa gəlir və Avropa üçün əlavə maliyyə və zaman xərcləri deməkdir”.
Bunu Milli məclisin deputatı, Müşviq Cəfərov xalqcebhesi.az-a açıqlamasında deyib.
O qeyd edib ki, Ağ Evdə Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın dünyada sülhə tələsməsi diqqət çəkir: “Əslində Amerikanın məqsədi regionlarda sülh prosesini sürətləndirməkdir. Bu mövqe həm Rusiya-Ukrayna müharibəsinin gedişatına, həm də NATO ilə Rusiya arasında yaranmış gərginliyə yönəlmiş strateji addım kimi dəyərləndirilir. ABŞ Avropaya enerji təminatını vurğulamaqla, həm də sülhün təşviqi və regiondakı gərginliyin azaldılması mesajını verməyə çalışır. Prezident Donald Tramp dəfələrlə bəyan edib ki, Vaşinqtonun məqsədi Ukraynada əbədi sülhü təmin etməkdir. O, Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə də fəaliyyətinin məhz sülhə yönəldiyini xüsusi olaraq vurğulayıb”.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində heç bir tərəfin qalib olmayacağı artıq aydın görünür: “Bu müharibə istənilən nöqteyi-nəzərdən uğursuzluğa məhkumdur. Xatırlayırsınızsa, Vaşinqtonda Vladimir Zelenski ilə Donald Tramp arasında yaşanan siyasi qalmaqaldan sonra Ağ Ev rəhbəri Ukraynaya bütün hərbi yardımların dayandırılması barədə əmr imzalamışdı. Ağ Evin bəyanatında deyilirdi ki, “prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Yardımlar dayandırılır və onların həllə töhfə verib-verməməsi nəzərdən keçirilir”.
Onun sözlərinə görə, Tramp hökumətinin əsas məqsədi Rusiyanı Çindən ayırmaqdır: “Buna görə də Vaşinqton Moskva ilə müəyyən güzəştlərə getməyə hazırlaşır. Ukraynaya dəstək isə ciddi şəkildə azaldılıb və hətta dayandırılmaqla hədələnir. Burada əsas məsələ Amerikanın Çindən ehtiyat etməsi və Çinin günbəgün güclənməsidir. Bu güclənmənin əsas səbəbi isə əvvəlki Ağ Ev administrasiyasının fəaliyyəti ilə bağlıdır. Bayden dönəmində ABŞ tədricən zəiflədilib, nəticədə Çin həm iqtisadi, həm də hərbi baxımdan super qüvvəyə çevrilib. Donald Tramp bundan ciddi narahatdır və Rusiya-Çin müttəfiqliyinin Pekini daha da gücləndirə biləcəyini hesab edir. İndi o, Rusiyanı bundan çəkindirməyə çalışır”.
Millət vəkili sonda vurğulayıb ki, hazırkı Ağ Ev hökuməti Ukraynaya qarşı ciddi yardım etmək niyyətində deyil: “Çünki bu müharibə ABŞ büdcəsinə əlavə yük hesab olunur. Bütün bunlara görə Donald Tramp Rusiya ilə Ukrayna arasında sülhün tezliklə əldə olunmasına çalışır”.
Günel Elxan