Əliyev və Putin görüşündə barışıq olacaq? - AÇIQLAMA Siyasət

Əliyev və Putin görüşündə barışıq olacaq? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də baş tutan müsbət və konstruktiv telefon danışığı zamanı yaxın günlərdə görüşmək barədə razılığa gəliblər. Kremlin Mətbuat Katibi Dmitri Peskovun verdiyi məlumata görə, iki liderin görüşü bu gün Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Peskov bildirib ki, Kreml bu görüşə “nikbin yanaşır” və prezidentlər ikitərəfli münasibətlərdə mövcud olan problemli məsələləri müzakirə edəcəklər.

Məsələ ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Baş Katibi, politoloq Niyaməddin Orduxanlı Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin sabitləşməsi region üçün mühüm əhəmiyyət daşıyır:

“Əlbəttə ki, Azərbaycan və Rusiya arasında olan telefon danışığını biz çox yüksək qiymətləndiririk. Düşünürük ki, iki ölkə arasında yaranmış gərginlik aradan qaldırılmalıdır. Rusiya Prezidenti bu məsələdə cəsarət göstərərək Azərbaycan-Rusiya münasibətlərini korlayan qüvvələri cəzalandırmalıdır”.

Politoloq əlavə edib ki, baş vermiş AZAL təyyarəsi insidentinə dair məsələ də gündəmdədir və bununla bağlı açıq və ədalətli mövqe sərgilənməlidir:

“Bizim istəyimiz budur ki, Azərbaycan xalqına və dövlətinə qarşı törədilmiş bu cinayətlərə görə üzr istənilsin. Bu, normal və ədalətli tələbdir. Heç bir dövlət üçün bu, başaşağılıq gətirmir. Rusiyada 2 milyondan çox soydaşımız yaşayır və əmək fəaliyyəti ilə məşğuldur. Rusiya bazarı Azərbaycan kənd təsərrüfatı məhsulları üçün böyük imkanlar yaradır. Biz uzun illərdir qonşuluq siyasəti aparırıq, siyasi, iqtisadi və mənəvi əlaqələrimiz möhkəm təməllərə söykənir”.

Sonda Orduxanlı qeyd edib ki, iki ölkə liderlərinin Düşənbədəki görüşü münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq:

“Biz hər zaman Rusiya ilə səmimi olmuşuq. Rusiya ağır sanksiyalarla üzləşdiyi dövrlərdə də Azərbaycan neytral və dost mövqeyini qoruyub. İndi əsas məsələ odur ki, prezidentlər arasındakı bu görüş səmimi dostluq və qarşılıqlı hörmət ruhunda davam etsin”.