Qəbələ zirvəsi və Azərbaycan Siyasət

Qəbələ zirvəsi və Azərbaycan

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurası 7 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qəbələ şəhərində toplandı. Zirvənin yekun bəyanatından da göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məmnunluq doğuran və təqdirəlayiq bir ev sahibliyi etdi.

Zirvədə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri cənab Viktor Orban, Türkmənistanın Milli Lideri, Xalq Məsləhəti Başçısı cənab Qurbanqulu Berdimuhammedov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi cənab Kubanıçbek Ömüraliyev, Ağsaqqallar Şurasının üzvləri və Türk əməkdaşlıq təşkilatlarının və qurumlarının rəhbərləri iştirak etdilər.

Toplantıda Güney Türküstan olaraq tanımlaya biləcəyimiz Əfqanıstanla bağlı bir maddənin yekun bəyanata daxil edilməsi çox mühümdür. Bu mövzu ilə bağlı ayrıca bir köşə yazısı yazacağımız üçün şərhlərimizi həmin yazıya saxlayırıq.

Tacikistan ilə Qırğızıstan arasında sərhəd razılaşmasının əldə olunması və barışın təmin edilməsi də məmnunluq doğuran bir nəticə olaraq qeyd edilir. Tarixi, mədəni, siyasi, ictimai və coğrafi həqiqətlər çərçivəsində Tacikistan da Türk Dünyasından ayrı görülməməlidir. Mümkün təhdidlərin aradan qaldırılması və ortaq gələcəyin qurulması məqsədilə Tacikistan ilkin olaraq müşahidəçi statusu ilə Türk Dövlətləri Təşkilatına dəvət olunmalıdır. Daha sonra tam üzvlük də nəzərdən keçirilə bilər.

Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstan artıq təşkilata müşahidəçi üzv olaraq qatılıb və onların tam üzv olmalarının da vaxtı gəlib. Hətta Pakistan, Kosovo, Bosniya-Herseqovina və Albaniyanın müşahidəçi olaraq dəvət edilməsində fayda görürük.

Zirvədə daha əvvəl cənab Prezident Rəcəb Tayyib Ərdoğanın təklifi ilə qəbul edilən, planlaşdırılan və həyata keçirilməsi nəzərdə tutulan “ortaq əlifbanın” qəbul olunması çox əhəmiyyətlidir. Lakin 1991-ci ildən bu yana həyata keçirilə bilməyən ortaq təhsil və tədris proqramı artıq reallaşdırılmalıdır. Xüsusilə ortaq dil və ortaq tarix mütləq şəkildə tədris proqramında yer almalıdır.

Ortaq dil tədrisini həyata keçirərkən bütün Türk ləhcələri və şivələri birləşdirilməlidir. Mənşəyi məlum olmayan və sonradan uydurulan söz və ifadələr, eləcə də latın və slavyan dillərindən alınan söz və ifadələr əvəzinə Türk ləhcələrindəki qarşılıqları istifadə olunmalıdır. Türk dövlətlərindəki yerli ləhcə və şivələr qorunmalıdır.

Türk Dövlətlərinin ortaq müdafiə sənayesi, ortaq təlimlər, Türk Dövlətləri müdafiə əməkdaşlığı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təklifi ilə reallaşan ortaq təlim və Türk Dövlətləri Ordusu (Turan Ordusu) dünyanın mərkəzində bir insanlıq və fəzilət qüvvəsi olacaq. Zirvənin ən əhəmiyyətli qərarlarından biri də bu məsələdir.

Türk Dövlətləri Təşkilatı Avropa İttifaqı kimi, hətta ondan da daha irəli səviyyədə bir birlik halına gəlməlidir. Bu istiqamətdə vacib addımlardan biri də “Türk Dünyası Vətəndaşlığı”nın tətbiq olunmasıdır. Türk dövlətləri arasında sərbəst keçid təmin edilməlidir. Türk dövlətləri arasında fitnəyə səbəb ola biləcək bütün məsələlər fikri və əməli olaraq aradan qaldırılmalıdır.

Məsələn, bu zirvəyə ən gözəl şəkildə ev sahibliyi edən Azərbaycan ilə Türkiyə arasına fitnə salmaq üçün uydurulan yalan və yanlış şərhlərə, əsassız xəbərlərə yol verilməməlidir.

Məsələn, İngiltərə mənşəli bir xəbər mənbəyi “Həmas İsrailə hücum etdikdə Azərbaycanda bayraqlar yarıya endirildi” şəklində yalan xəbər yayıb. Yenə Fələstindəki bir qrupun Ermənistanı dəstəkləyən nümayişlər keçirməsini “Fələstin Ermənistanı dəstəkləyir” şəklində eyni mərkəzlər yayıb. Azərbaycan–İsrail ticarət əlaqələri davam etsə də, bu cür yalan xəbərlər düşmənçilik hisslərini və əməllərini körükləyir.

Bu və bu kimi fitnə mənbələri aradan qaldırılmalı, Qəbələ Zirvəsinin ruhuna və mətninə uyğun olaraq ev sahibi Azərbaycanımızın haqlı məsələsi bu vasitə ilə daha çox gündəmə gətirilməlidir.

Azərbaycanın və bütün Türk Dünyasının məsələsi olan “Qərbi Azərbaycan məsələsi” davamlı olaraq izah edilməli və anlanmalıdır. Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısının yekun bəyanatında “Qərbi Azərbaycan məsələsi” üçün ayrıca bir bənd açılmasını gözlədiyimizi də bildirmək istəyirik.

Yeni Prezident Fərmanı ilə Türk soylular artıq Türkiyədə “xarici” sayılmayacaq. Azərbaycandan, Türküstandan və digər Türk topluluqlarından gələn şəxslər peşələrini sərbəst icra edə və dövlət və özəl sektorda işləyə biləcəklər. Bu qərar Türk dünyası ilə əlaqələri gücləndirir. Çox mühüm və sevindirici bir qərardır. Hörmətli Prezidentimizə təşəkkür edirik. Digər Türk dövlətlərinin də bənzər qərarlar alacağına inanırıq...

Professor Seyit Aydın, Türkiyə