31 Oktyabr 17:08
31 Oktyabr 16:39
13:15
1 316
“Suverenliyin qorunması hər bir xalqın milli strategiya məsələsidir. Dünyada minlərlə etnos var, amma dövlətlərin sayı 200-ə çatmır. Bu da göstərir ki, müstəqilliyi elan etmək müəyyən hallarda mümkün olur, lakin onu qorumaq olduqca çətin prosesdir”.
Bu fikirləri politoloq Tofiq Abbasov “xalqcebhesi.az”a açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzən xalqlar ayağa qalxıb müstəqillik əldə edirlər, lakin sonra həmin suverenliyi qorumaq üçün böyük sınaqlarla üzləşirlər:
“İnqilab edərək hakimiyyəti dəyişmək bəzən asan görünür, amma onu idarə etmək çox zaman çətin olur. Suverenlik elə bir məsələdir ki, onun üzərində hər gün çalışmaq lazımdır. Güclü olmaq, özünü müdafiə edə bilmək, müttəfiqlərlə işləmək əsas şərtdir.”
Politoloq bildirib ki, Azərbaycanın müstəqillik tarixi buna bariz nümunədir:
“Müstəqilliyimizi bərpa etdikdən sonra Ermənistan və onun xarici havadarları bizi təzyiq altında saxlamaq istəyirdi. Bu vəziyyətdən çıxmağın yolu çevik diplomatiya idi. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Ermənistanın işğalçı siyasətini ifşa etdilər və beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini qəbul etdirdilər. Azərbaycan güclü dövlət modelini iqtisadi əsaslar üzərində qurdu. Əsrin kontraktından sonra iqtisadi inkişaf başladı. Əgər iqtisadi güc olmasaydı, proseslər başqa cür gedə bilərdi. Biz güclü ordumuzu qurduq və bu ordu II Qarabağ müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan tapşırığı şərəflə yerinə yetirdi”.
Ekspert qeyd edib ki, Azərbaycanın suverenlik modeli dünyaya örnəkdir: “Biz nə başqa ölkənin torpağına iddia etdik, nə də təhdid yaratdıq. Biz yalnız öz torpaqlarımızı işğaldan azad etdik. Bu, çox ibrətamiz bir təcrübədir və digər ölkələr üçün də nümunə ola bilər.Demokratiya sabahkı nəticə üçün yox, mərhələli və milli şəraitə uyğun şəkildə formalaşmalıdır. Demokratiya hazır şablon deyil. Hər xalq öz modeli üzərində işləməlidir. Vacib olan milli maraqlar, vətəndaş cəmiyyətinin formalaşması və ədalətin təminidir. Əgər dialoq, müzakirə və fikir müxtəlifliyi varsa, cəmiyyət inkişaf edir. Tələskənlik isə böyük səhvlərə gətirə bilər”.
Tofiq Abbasov sonda qeyd edib ki, Azərbaycanın seçdiyi yol uzunmüddətli və davamlıdır: “Bizim üçün ən vacibi güclü dövlət qurmaqdır. Demokratiya, suverenlik, milli təhlükəsizlik – bunların hamısı paralel şəkildə inkişaf etməlidir. Əgər susqunluq olarsa, proses dayanır. Ona görə də sağlam dialoq daim olmalıdır”.
Günel Elxan