“Sanksiyalar Rusiyanı dayandırmadı” Siyasət

“Sanksiyalar Rusiyanı dayandırmadı”

“Rusiya–Ukrayna müharibəsinin başlamasından dörd il keçməsinə baxmayaraq, Avropa İttifaqı və ABŞ-ın Rusiyanın enerji sektoruna tətbiq etdiyi embarqo və sanksiyalar gözlənilən nəticəni verməyib”.

Bunu deputat Hikmət Babaoğlu Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, əvvəlki illərdə Rusiyanın karbohidrogen və qaz ixracına qoyulan məhdudiyyətlərin məqsədi Moskvanın iqtisadi gücünü zəiflətmək olsa da, bu strategiya effekt vermədi:
“Dörd ilin təcrübəsi göstərdi ki, yalnız sanksiyalarla müharibəni dayandırmaq və ya bir ölkəni ticarətdən təcrid etməklə zəiflətmək mümkün deyil. Kiçik İran uzun illərdir embarqolar altında yaşayırsa, Rusiya da öz maraqlarını qorumağı bacaracaq. Çünki dünya təkcə Avropa Birliyindən ibarət deyil. Rusiyanın Hindistan və Çin kimi böyük tərəfdaşları var və bu bazarlar onu qazsız qoymayacaq. Tətbiq olunan sanksiyalar təkcə Rusiyanı deyil, eyni zamanda Avropa ölkələrini də iqtisadi çətinliklərlə üz-üzə qoyub.Enerji daşıyıcılarının bahalaşması Avropa iqtisadiyyatlarında ciddi bahalaşma yaradıb. Bütün bu prosesin fonunda Ukrayna kimi böyük bir xalq və dövlət mövcudluğunu davam etdirmək uğrunda mübarizə aparır. Belə bir şəraitdə qaz idxalının məhdudlaşdırılması nə Avropanın təhlükəsizliyinə, nə də Ukraynanın müdafiəsinə real töhfə verir.”

Deputat hesab edir ki, Avropa İttifaqında mövcud liderlik çatışmazlığı vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olur:
“Avropada liderlik problemi var və bu, Putinin liderliyini daha da önə çıxarır. Rusiya Prezidentinin ‘Əgər Avropa müharibə istəyirsə, biz hazırıq’ mesajı Avropanın enerji siyasətinin faktiki olaraq heç bir strateji problemi həll etmədiyini göstərir. Sıxılmış qazın təbii qazla əvəz olunması və ya digər texniki addımlar mövcud geosiyasi böhranı aradan qaldırmağa kifayət etmir.Bu gün müzakirə olunan məsələ yalnız enerji təhlükəsizliyi deyil — həm də Avropanın və Ukraynanın gələcəyidir”.

Günel Elxan