“Sülh sazişi daha çox Ermənistana lazımdır Siyasət

“Sülh sazişi daha çox Ermənistana lazımdır

Niyaməddin Orduxanlı: “Ermənistan cəmiyyəti bunun fərqində olmalıdır”

“Sülh sazişi Azərbaycandan çox Ermənistana lazımdır. Növbəti dəfə Azərbaycanla müharibə Ermənistanın məhvi deməkdir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun fikrincə, 2020-ci il müharibəsində kapitulyasiyaya imza atan Paşinyan hakimiyyəti dərhal növbədənkənar parlament seçkiləri keçirdi: “Müharibədə məğlub olan Paşinyana erməni xalqı yenidən səs verdi və müharibə tərəfdarı olan revanşistlər səs qazana bilmədi. Çünki ermənilər yaxşı başa düşürdülər ki, müharibə ağır məhrumiyyətlərə gətirib çıxaracaq. 2026-cı ildə keçirilən parlament seçkilərində müharibə tətəfdarlarının böyük səs qazanma ehtimalı çox azdır. Amerika şirkətinin keçirdiyi bir sorğu əsas sayıla bilməz. Vaxtilə bu rəqəm 57%-dən də daha yüksək idi. 90%-i əhatə edirdi. Paşinyan yaxşı başa düşür ki, erməni xalqının həqiqətən də taleyini dəyişmək üçün tarixi bir şans yaranıb. Uzun illərdir müxtəlif ölkələr və güc mərkəzləri Cənubi Qafqazda vasitəçi rolunu oynayıb. Paşinyan anlayır ki, Qərb və Amerika öz maraqları çərçivəsində ermənilərə dəstək verir. Müəyyən mərhələdə ermənilər qurbanlıq olacaqlar. Erməni xalqı düşünməlidir ki, müharibənin Ermənistana hansı xeyri ola bilər, son 35 ildə Ermənistan nə qazanıb? Azərbaycan torpaqlarına konstitusiya ilə iddia etmək nə qazandırır? Bütün bunları ciddi şəkildə düşünməlidirlər. Öz gələcək həyatları haqqında, həmçinin sülh və əmin-amanlıq şəraitində yaşamaları haqqında baş sındırsalar daha yaxşı olar. Revanşistlər hakimiyyəti yenidən qəsb etmək üçün növbəti dəfə Qarabağ kartından istifadə etmək istəyirlər. Ermənistan cəmiyyəti bütün bunların fərqində olmalıdır”.