
“Açıq məhkəmə prosesində araşdırılan faktlar və təqsirləndirilən şəxslərin verdiyi ifadələr Qarabağ ərazisində baş vermiş hərbi əməliyyatlar və onların nəticələri baxımından Ermənistan Respublikasının roluna dair kifayət qədər aydın təsəvvür yaradır. Bu, əvvəlki siyasi bəyanatlardan fərqli olaraq, məhkəmədə təsdiqlənmiş hüquqi faktlara əsaslanır”.
Bu barədə Konstitusiya Araşdırmalar Fondunun rəhbəri və Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Xalqcebhesi.az”a açıqlamasında bildirib.
O vurğulayıb ki, məhkəmədə səslənən məlumatlar, şahid ifadələri və təqsirləndirilən şəxslərin açıqlamaları göstərir ki, söhbət yalnız dolayı təsirdən və siyasi dəstəkdən getmir, konkret olaraq dövlət səviyyəsində həyata keçirilmiş nəzarət və idarəetmədən gedir: “Məhkəmə materialları sübut edir ki, qondarma rejim və onun silahlı strukturları Ermənistan Silahlı Qüvvələrinin ümumi hərbi sistemi çərçivəsində təşkil olunub, kadr təyinatları İrəvanda razılaşdırılıb, maddi-texniki təminat Ermənistan ordusunun resursları hesabına həyata keçirilib və əməliyyatların ümumi planlaşdırılması bu struktur üzərində real və davamlı nəzarətin mövcudluğunu təsdiqləyir.Ermənistan Hərbi Komissarlığı tərəfindən əsgər çağrışa gəlmiş şəxslər Qarabağda xidmətə göndərilib, məhkəmə prosesində və Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatlar da göstərir ki, birbaşa nəzarət Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilib. Bu sistem beynəlxalq məhkəmələrdə əməllərin dövlətə aid edilməsi üçün əsas meyar hesab olunur”.
O xatırladıb ki, Çıraqov qardaşları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da açıq göstərilib ki, Azərbaycan Qarabağ ərazisi Ermənistanın nəzarəti altında olub və bütün hərbi və silahlı qüvvələr orada Ermənistanın nəzarəti altında fəaliyyət göstərib: “Levon Mnatsakanyan tərəfindən səsləndirilən açıqlamalar göstərir ki, qondarma rejimin silahlı qüvvələri müstəqil hərbi birlik kimi çıxış etməyib, faktiki olaraq Ermənistan Silahlı Qüvvələrinin struktur elementi olub. Bu etiraflar yerli müqavimət və ya özünün müdafiə qüvvələri iddialarını tamamilə zəiflədir. Məhkəmədə digər faktlar da göstərir ki, Arayik Harutyunyanın Ermənistan ordusuna hərbi xidmət keçməsi və Bako Saakyanın Şuşanın işğalı zamanı iştirak etməsi sübut edir ki, qondarma rejimin rəhbər şəxsləri müstəqil siyasi fiqurlar deyil, Ermənistanın hərbi-siyasi qərarlarını yerinə yetirən icraçı subyektlər kimi fəaliyyət göstəriblər. Bu faktlar əvvəlki iddialara uyğun gəlmir. Nəticə etibarilə, məhkəmə faktları hüquqi qənaətə gətirir ki, Ermənistan Respublikası Qarabağ ərazisində həyata keçirilmiş işğal siyasətinə və baş vermiş müharibə cinayətlərinə görə beynəlxalq hüquq baxımından məsuliyyətdən kənarda qala bilməz. Qondarma rejim isə müstəqil hüquqi subyekt deyil, işğal siyasətinin çətiri rolunu oynayan konstruksiyadır. Bu qiymətləndirmə siyasi ritorikadan yox, məhkəmə araşdırması zamanı üzə çıxan faktların hüquqi təhlilindən irəli gəlir”.
Günel Elxan