Samir Şərifov beynəlxalq forumda Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib Siyasət

Samir Şərifov beynəlxalq forumda Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib

Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov Dubayda keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş "Yeni İpək Yolu" Forumunda çıxış edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Samir Şərifov öz nitqində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Baş nazirin müavini çıxışında ölkənin logistika imkanları barədə son statistik məlumatları açıqlayıb. O qeyd edib ki, 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar 11%, Şimal-Cənub dəhlizi üzrə isə 12% artıb. Samir Şərifov Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün isə 25 milyon tona qədər artırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Xüsusilə vurğulanıb ki, 2025-ci ildə Bakı Limanında konteyner aşırılması (TEU) əvvəlki illə müqayisədə 40% artaraq 107,000-i keçib.

Samir Şərifov həmçinin Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmaya əsasən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) kimi tanınan Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib. O bildirib ki, bu layihə Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865,000 TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.

Yekunda Baş nazirin müavini sərhəd keçidlərinin rəqəmsallaşdırılması və gömrük proseduralarının harmonizasiyası istiqamətində beynəlxalq əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında kordinasiyanın vacibliyini qeyd edərək, tərəfdaş ölkələri birgə fəaliyyətə çağırıb.

Samir Şərifov beynəlxalq forumda Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edibSamir Şərifov beynəlxalq forumda Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edibSamir Şərifov beynəlxalq forumda Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edibSamir Şərifov beynəlxalq forumda Zəngəzur Dəhlizinin strateji önəmindən bəhs edib