"Bu, qabaqcadan düşünülmüş planın tərkib hissəsidir” Siyasət

"Bu, qabaqcadan düşünülmüş planın tərkib hissəsidir”

“Azərbaycan Respublikası beynəlxalq hüquqa və ədalətə hörmətlə yanaşan müstəqil ölkədir. 44 günlük Vətən müharibəsi və 20 sentyabr antiterror tədbirləri sayəsində həbs olunaraq barələrində istintaq tədbirləri keçirilərək cəza hökmü çıxarılmış separatçılar hərbi cinayətkarlardırlar. Onlar heç bir halda hərbi əsir statusunda ola bilməzlər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, dünyada baş verən bir çox müharibələrdə hərbi cinayətləri törətmiş şəxslərin cəzalandırılması təcrübəsi mövcuddur: “Azərbaycan da beynəlxalq təcrübəyə əsaslanaraq dövlətimizin suverənliyinə, ərazi bütövlüyünə təhdid yaratmış, soyqırımlar və digər başqa cinayətlərə rəhbərlik edərək birbaşa iştirak etmiş cinayətkarları ədalət məhkəməsində layiqli cəzalarına məhkum edib”.

A.Badamov söyləyib ki, Ermənistanda radikal müxalifət və erməni diasporunun bu məsələni siyasiləşdirməyə çalışması ilk növbədə regionda yaranmış sülhə kölgə salmaq cəhdlərindən başqa bir şey deyil: “Bu baxımdan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri çərçivəsində aksiyanın təşkil olunması və çağırışların edilməsi qabaqcadan düşünülmüş planın tərkib hissəsidir. Amma bu çağırışlarla onlar özlərini yorurlar. Çünki Ceyms Devid Vens Cənubi Qafqaza sülh və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gəlib. Amma məsələlərə din prizmasından yanaşılaraq xristian təəssübkeşliyi çəkərsə regionumuzda yenicə formalaşmış sülh gündəliyinə xələl gətirər. Bu baxımdan Ceyms Devid Vensin Azərbaycana səfəri çərçivəsində erməni diasporun və radikal müxalifətin çağırışlarına səs verərək ədalətsiz və əhəmiyyətsiz bir məsələni gündəmə gətirəcəyini hesab etmirəm və Vaşinqtonun rəsmi mövqeyinə təsir göstərə bilməz”.

Deputat əlavə edib ki, bu aksiya hər şeydən əvvəl Ermənistanın daxili auditoriyasına hesablanıb: “Çünki radikal müxalifət seçkiyə qədər hər bir vasitədən istifadə edərək hakimiyyətin nüfuzunu azaltmağa çalışır. Həm də onlar yaxşı bilirlər ki, Azərbaycan müstəqil ölkədir və məhkəmə yolu ilə qəbul olunmuş qərarların icra etdirilməsinə də qadirdir”.

Röya İsrafilova