“Azərbaycanın mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır” Siyasət

“Azərbaycanın mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır”

"Son zamanlar Dağlıq Qarabağmünaqişəsi ətrafında artan intensiv fəallaşmanı müsbət dəyərləndirirəm. Çünki müəyyən səbəblər nəticəsində bir müddət danışıqlar səngimişdi, hətta onun perspektivinə heç bir inam qalmamışdı".
Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
MM sədrinin müavini qeyd edib ki, beynəlxalq ictimai-siyasi mühit çox mütəhərrikdir və bir-birinin ardınca dünyanı silkələyən hadisələr baş verir: "Belə bir məqamda Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar intensivləşməlidir. Beynəlxalq aləmdə meydana gələn yeni ocaqlar gələcək münaqişələr vəd edir. Bu hadisələrə beynəlxalq aləminin özünün münasibəti, bu günə qədər Dağlıq Qarabağ münaqişəsinə olan münasibətdən fərqli mövqeyi Azərbaycan tərəfini bu məsələdə daha ciddi şəkildə tələblərini ortaya qoymağa vadar edir. Azərbaycanın vasitəçilik missiyasını həyata keçirən ölkələrdən daha çevik, daha dinamik və şəraitə uyğun addımlar atmağı tələb etməyə haqqı var. Hesab edirəm ki, bu vəziyyət danışıqların məzmununa da təsir göstərməlidir.
O ki qaldı, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə və bu səfərlərdən asılı olaraq gələcək yüksək səviyyəli görüşlərə, əlbəttə ki, görüşməməkdən, danışmamaqdan, bir-birindən qaçmaqdansa, görüşüb danışmaq daha məqsədəuyğundur. Əlbəttə ki, Azərbaycan hər zaman olduğu kimi, substantiv danışıqlarda maraqlıdır. Azərbaycan nəticəyə hesablanmış danışıqların keçirilməsini vacib hesab edir. Azərbaycanın bu mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır".