“2026 sülh ili ola bilər” Siyasət

“2026 sülh ili ola bilər”

“Artıq heç kəsə sirr deyil ki, Ermənistanla Azərbaycan arasında sülh anlaşması 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanıb və bununla bağlı ABŞ Prezidenti Donald Trump, Azərbaycan Prezidenti Ilham Aliyev və Ermənistanın baş naziri Nikol Pashinyan birgə bəyanatla çıxış ediblər”.

Bu fikirləri deputat Nəqif Həmzəyev “Xalq Cəbhəsi”nə açıqlaması zamanı söyləyib.

Deputatın sözlərinə görə, sülh gündəliyi çərçivəsində artıq mühüm irəliləyişlər əldə olunub: “Azərbaycan öz ərazisindən Ermənistana tranzit yüklərin daşınmasına icazə verir. Eyni zamanda Azərbaycan məhsullarının Ermənistan bazarına çıxarılması da sülh gündəliyinin praktik nəticələrindən biridir”.

N.Həmzəyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ərazisinə dron hücumlarından sonra Ermənistan tərəfinin də Azərbaycana dəstək nümayiş etdirməsi regionda yeni münasibətlər mərhələsinin başlanmasından xəbər verir: “Bu da göstərir ki, tərəflər arasında etimadın formalaşması istiqamətində müəyyən addımlar atılır. Sülh sazişinin imzalanması üçün Ermənistanın üzərinə düşən əsas öhdəliklərdən biri konstitusiya və qanunvericilikdə Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Əgər Ermənistan konstitusiyasında və qanunvericiliyində Azərbaycan ərazilərinə iddia ilə bağlı müddəalar tam şəkildə çıxarılarsa, bu, öhdəliklərin yerinə yetirilməsi demək olacaq və sülh sazişinin imzalanması üçün ciddi hüquqi əsas yaranacaq”.

Onun sözlərinə görə, Ermənistanda yeni konstitusiya layihəsinin “Mülki Müqavilə” partiyasının iclasında müzakirə olunması müsbət haldır: “Biz əvvəllər də Ermənistan rəhbərliyinin yeni konstitusiya layihəsi hazırlamaq niyyəti ilə bağlı açıqlamalarını eşitmişdik. Ümid edirik ki, parlament seçkilərindən sonra Nikol Paşinyan və komandası verdikləri vədlərə sadiq qalaraq referenduma gedəcək və yeni konstitusiyanın qəbuluna nail olacaq. Bu addım həm Ermənistan cəmiyyəti, həm də Azərbaycanla uzunmüddətli sülhün təmin olunması baxımından vacibdir.Azərbaycanın və Prezident İlham Əliyevin əsas məqsədi regionda daimi sülhün təmin olunmasıdır. Bu isə xalqlarımızın və dövlətlərimizin inkişafı üçün möhkəm zəmin yarada bilər. Əgər proseslər bu istiqamətdə davam etsə, 2026-cı il Azərbaycan və Ermənistan münasibətlərində sülh ili kimi tarixə düşə bilər”.

Günel Elxan