“TDT-nin güclənməsinin əsas səbəbi etnik birliyimizdir” Siyasət

“TDT-nin güclənməsinin əsas səbəbi etnik birliyimizdir”

“Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət Başçılarının ikinci görüşü keçirildi və görüşdən öncə dövlətimizin başçısı cənab İlham Əliyev üzv ölkələrin Hökumət Başçılarını qəbul etdi. Prezident çıxışında diqqəti bir sıra strateji əhəmiyyətli məsələlərə cəlb etdi. İlk növbədə onu vurğuladı ki, TDT bu gün beynəlxalq münasibətlər sistemində kifayət qədər güclü quruma çevrilib və biz elə etməliyik ki, dünyanın ən mühüm beynəlxalq təşkilatları sırasında TDT-nin mövqeyi daha da güclənsin, o, bir aktora çevrilsin. Qeyd etdi ki, bu gün dünyada məhz etnik birlik əsasında formalaşmış təşkilatların sayı çox azdır. Bu, bizim böyük üstünlüyümüzdür, eyni zamanda, bu gün eyni etnik mənsubiyyət sahibləri arasında ixtilafların, konfliktlərin olduğu da bəlllidir, amma bu reallıqda TDT-yə üzv olan dövlətlərin hər biri arasında çox sıx münasibətlər var”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

E.Nəsirov xüsusilə iqtisadi əlaqələrimizin sürətlə inkişaf etdiyini vurğulayıb: “Bu o deməkdir ki, Azərbaycan bu təşkilata üzv dövlətlərin iqtisadiyyatlarına 20 milyard dollardan çox investisiya qoyub, həm də təşkilatın inkişafının çox geniş perspektivi var. Təsəvvür edin ki, üzv dövlətlərin ərazisi birlikdə 4,8 milyon kvadrat kilometrdir, əhalisinin sayı 200 milyona yaxınlaşır, 2,1 trilyon dollar ümumi daxili məhsul istehsal edirlər. Onların ümumi ticarət dövriyyəsi 1,2 trilyon dollara gəlib çatıb. Əməkdaşlığın çox geniş potensialı var. Cənab Prezident vurğuladı ki, keçən il oktyabrın 7-də Qəbələdə regional sülh və təhlükəsizlik məsələlərinə həsr edilən qeyri-rəsmi sammit keçirildi. Eyni zamanda, vurğuladı ki, bu ilin martın 7-də Türkiyədə keçirilən TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısında TDT+ variantı formalaşdırıldı. Yəni bu, təşkilatın daha da genişlənməsi, eyni zamanda, strateji hədəflərinin genişlənməsi anlamındadır”.

Deputat bildirib ki, xüsusilə nəqliyyat, logistika sahəsində əlaqələrimizin böyük potensialı var: “Cənab Prezident vurğuladı ki, bu gün Qarabağın və Şərqi Zəngəruzun bərpası prosesinə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan dövlətləri böyük töhfələr verirlər. Bu gün həm ənənəvi və qeyri-ənənəvi enerji əməkdaşlığı məsələləri xüsusi aktuallıq kəsb edir. Eləcə də Gülüstan sarayında təşkilatın üzv dövlətlərinin Hökumət Başçılarının görüşünün nəticəsində Bakı bəyannaməsi qəbul edildi. Bu bəyannamədə də təşkilata üzv dövlətlərin əlaqələrinin genişlənməsinin bütün istiqamətləri öz əksini tapıb. Elə bir sahə yoxdur ki, o, diqqətdən kənarda qalsın. Eyni zamanda, qərara alınıb ki, mayda TDT-nin qeyri-formal zirvə görüşü Türküstanda keçiriləcək. Bu da bir daha onu göstərir ki, artıq təşkilatın hər zirvə görüşü yeni mövzulara həsr olunur və həmin mövzular ətrafında da səylərin birləşdirilməsi prosesi reallaşdırılır. Türküstanda keçiriləcək tədbirdə də rəqəmsal inkişaf və süni intellektlə bağlı məsələlər diqqət mərkəzində saxlanılacaq. Bütün bunlar bir daha onu göstərir ki, TDT bu gün güclənir, möhkəmlənir, bunun əsas səbəbi isə bizim etnik birliyimizdir, eyni dəyərləri paylaşmağımız, sıx təmaslarımız, əməkdaşlığımız və onun yeni məzmun və əhəmiyyət kəsb etməsidir”.

Röya İsrafilova