“Ortaq tarix, vahid ensiklopediya” Siyasət

“Ortaq tarix, vahid ensiklopediya”

“Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə uzaqgörən siyasət həyata keçirir. 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz türk dünyasıdır” fikri də bu siyasətin ideoloji əsasını təşkil edir”.

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Xalqcəbhəsi.az”a açıqlamasında deyib.

Deputat bildirib ki, türk dünyasının tarixi inkişaf trayektoriyası bu gün yeni mərhələyə qədəm qoyur:
“Tarix boyunca türk xalqlarının istifadə etdiyi mühüm marşrutlardan biri olan Zəngəzur dəhlizinin yenidən gündəmə gəlməsi də bu prosesin tərkib hissəsidir. Bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi və mədəni baxımdan türk dünyasının daha sıx inteqrasiyasına xidmət edir. Bu il Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması xüsusi əhəmiyyət daşıyır.Birinci Türkoloji Qurultay türk xalqlarının intellektual tarixində mühüm mərhələdir. Bu toplantı müxtəlif türk xalqlarını ilk dəfə vahid elmi platformada bir araya gətirdi, ortaq kimlik şüurunun formalaşmasına ciddi təkan verdi və türkologiyanın əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin dövrdə bu ideyalar siyasi maneələrlə üzləşsə də, bu gün yenidən aktuallıq qazanır.Sovet dövründə baş verən repressiyalar bu təşəbbüslərin inkişafını əngəllədi. Lakin bu, ideyanın əhəmiyyətini azaltmadı. Əksinə, bu gün türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi ilə həmin ideyalar yeni məzmun qazanaraq reallaşmağa başlayır. Azərbaycan bu prosesdə xüsusi rol oynayır.
Qurultayın Bakıda keçirilməsi və əlifba islahatının məhz burada başlanması Azərbaycanın regional və intellektual mərkəz kimi mövqeyini təsdiqləyir. Bu gün də Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal təşəbbüslərlə çıxış edir və inteqrasiya proseslərinə mühüm töhfə verir.
Bu kontekstdə Böyük Türk Ensiklopediyasının hazırlanması xüsusi aktuallıq kəsb edir.
Türk xalqlarının keçdiyi tarixi yolun, onların zəngin mədəni və elmi irsinin vahid ensiklopediyada toplanması olduqca əhəmiyyətli olardı. Bu, yalnız elmi mənbə deyil, həm də ortaq yaddaşın sistemli şəkildə ifadəsi kimi çıxış edə bilər”.

Deputat bildirib ki, belə bir layihə genişmiqyaslı əməkdaşlıq tələb edir:
“Ensiklopediyanın bir neçə dildə hazırlanması və rəqəmsal formatda təqdim olunması onun daha geniş auditoriyaya çatmasına imkan verər. Bu isə həm türk xalqları arasında əlaqələrin möhkəmlənməsinə, həm də beynəlxalq ictimaiyyətin bu irslə daha yaxından tanış olmasına şərait yaradar”.

Sonda deputat vurğulayıb ki, bu təşəbbüs strateji əhəmiyyət daşıyır:

“Türk dünyasının təkamül yolunu əks etdirən belə bir ensiklopediya yalnız tarixçilər üçün deyil, həm də müasir siyasətçilər üçün mühüm istinad mənbəyi ola bilər. Bu, gələcək nəsillər üçün də dəyərli irs kimi qorunub saxlanacaq”.

Günel Elxan