“Siyasi dialoqdan iqtisadi əməkdaşlığa” Siyasət

“Siyasi dialoqdan iqtisadi əməkdaşlığa”

“Son dövrlərdə baş verən proseslər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tədricən bərpa olunduğunu göstərir”

Bunu deputat Ceyhun Məmmədov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

O qeyd edib ki, bugün müşahidə etdiyimiz reallıqlar onu deməyə əsas verir ki, tərəflər arasında əlaqələr yeni mərhələyə qədəm qoyur: “Artıq ölkə rəhbərləri arasında müntəzəm təmaslar mövcuddur, eyni zamanda xarici işlər nazirləri səviyyəsində intensiv dialoq aparılır. Bu isə qarşılıqlı münasibətlərin inkişafına xidmət edən mühüm amillərdəndir. Diqqət çəkən əsas məqamlardan biri də bu yaxınlaşmanın yalnız siyasi sahə ilə məhdudlaşmamasıdır. Artıq bu proses iqtisadi müstəvidə də özünü göstərməkdədir. Xüsusilə neft və benzin sahəsində əməkdaşlıq siqnalları, eləcə də yaxın perspektivdə Ermənistandan məhsulların Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr iqtisadi əlaqələrin formalaşdığını göstərir.Əslində, bu cür təşəbbüslərə uzun müddətdir ehtiyac var idi. Bu addımlar daha əvvəl atılsaydı, regionda əməkdaşlıq mühiti daha tez formalaşa bilərdi. Sevindirici haldır ki, Ermənistan tərəfi artıq bu reallığı anlayır və bu istiqamətdə real addımlar atmağa başlayır”.

O bikdirib ki, Ermənistan hakimiyyətinin nümayiş etdirdiyi bu yanaşma onu göstərir ki, qarşı tərəfdə siyasi iradə formalaşır: “Azərbaycan isə bu prosesə hər zaman hazır olub və bu iradənin ortaya çıxmasını uzun müddətdir gözləyirdi.Ümumilikdə, regionda sülh və əməkdaşlıq mühitinin formalaşdırılması təşəbbüsü Azərbaycana məxsusdur. Atılan addımların əsas məqsədi də münasibətlərin daha da inkişaf etdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və uzunmüddətli sülhün təmin olunmasıdır.”

Günel Elxan