“Sülhün institusional mərhələsi imzadan keçir” Siyasət

“Sülhün institusional mərhələsi imzadan keçir”

“Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin real nəticə verməsi üçün əsas mərhələ yekun sazişin imzalanmasıdır”.

Bu sözləri millət vəkili Hikmət Babaoğlu “Xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh layihəsinin 8 avqust 2025-ci il tarixində paraflanması mühüm siyasi hadisədir: “Ancaq bu, hələ sülhün tam təmin olunduğu anlamına gəlmir. Sülhün institusional mərhələyə keçməsi yalnız sülh sazişi imzalandıqdan sonra mümkün olacaq.İnstitusional sülh həm hüquqi, həm də ictimai müstəvidə formalaşan bir prosesdir. Bu baxımdan, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı iddiaların aradan qaldırılması, mümkün referendumun keçirilməsi və yekun sənədin imzalanması vacib şərtlərdir. Yalnız bundan sonra iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulması gündəmə gələ bilər”.

Millət vəkili vurğulayıb ki, prosesin hüquqi mahiyyəti ondan ibarətdir ki, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır: “Bu mərhələdən sonra sülhün institusional şəkildə möhkəmləndirilməsi mümkün olacaq.Hesab edirəm ki, bu, tamamilə real perspektivdir. Ermənistan tərəfi nə qədər tez bu istiqamətdə zəruri siyasi və hüquqi addımları atarsa, sülhün institusional şəkildə bərqərar olması da bir o qədər sürətlənə bilər”.

Günel Elxan