“Bu görüş Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun davam etdiyini göstərir” Siyasət

“Bu görüş Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun davam etdiyini göstərir”

“Prezident İlham Əliyev ilə Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüş Azərbaycan–Avropa İttifaqı xəttində strateji dialoqun dərinləşməsi baxımından diqqətəlayiq hadisə kimi qiymətləndirilməlidir. Bu təmas təkcə ikitərəfli münasibətlərin gündəliyini genişləndirmir, eyni zamanda, Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış ardıcıl addımların məntiqi davamıdır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, Latviya kimi Baltik ölkələri Avropa İttifaqı daxilində həm siyasi koordinasiya, həm də təhlükəsizlik məsələlərində prinsipial mövqe nümayiş etdirən aktorlardır: “Bu baxımdan, Latviya ilə əməkdaşlığın genişlənməsi Bakı üçün yalnız iqtisadi deyil, həm də geosiyasi dividentlər vəd edir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri və rəqəmsal transformasiya kimi sahələrdə qarşılıqlı maraqların üst-üstə düşməsi bu münasibətləri daha praqmatik və dayanıqlı edir. Görüşün diqqət çəkən tərəflərindən biri də konsulluq əməkdaşlığı və hüquqi çərçivənin genişləndirilməsi istiqamətində atılan addımlardır. Bu, münasibətlərin institusional səviyyədə möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, biznes və vətəndaş təmaslarını da stimullaşdıracaq. Diplomatik münasibətlərin yalnız siyasi bəyanatlarla deyil, konkret mexanizmlərlə gücləndirilməsi Bakı diplomatiyasının son illərdə seçdiyi xəttin bariz nümunəsidir”.

Politoloq deyib ki, daha geniş prizmadan baxdıqda, bu görüş Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun davam etdiyini göstərir: “Bakı həm Qərb strukturları ilə əməkdaşlığı inkişaf etdirir, həm də regional və qlobal güc mərkəzləri ilə münasibətlərdə tarazlığı qoruyur. Bu isə ölkənin manevr imkanlarını genişləndirir və onu daha çevik geosiyasi aktora çevirir. Nəticə etibarilə, Əliyev–Rinkeviçs görüşü protokol xarakterli adi diplomatik təmasdan daha artıq məna daşıyır. Bu, Azərbaycanın Avropa istiqamətində strateji açılımının növbəti mərhələsi, eyni zamanda, Cənubi Qafqazın dəyişən geosiyasi reallıqları fonunda Bakı üçün yeni imkan pəncərələrinin formalaşmasının göstəricisidir”.

Röya İsrafilova