
“Azərbaycan uzun illər müharibə şəraitində yaşamış bir ölkə kimi bu cür münaqişələrin yaratdığı ağır fəsadları çox yaxşı anlayır və müharibədən zərər çəkmiş xalqlara hansı istiqamətlərdə dəstəyin vacib olduğunu real təcrübə əsasında bilir”.
Bunu Milli Məclisin deputatı Azər Badamov “xalqcebhesi.az”a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, məhz bu baxımdan Ukrayna ilə münasibətlərdə ilk növbədə humanitar məsələlərdə dəstəyin ön plana çıxarılması tam məntiqli və əsaslandırılmış yanaşmadır:
“Azərbaycan ötən illər ərzində müharibədən əziyyət çəkən Ukrayna xalqına müxtəlif istiqamətlərdə humanitar yardımlar göstərib. Bu yardımlar sırasında dağıdılmış məktəblərin bərpası, dərman və tibbi ləvazimatların göndərilməsi, kritik vaxtlarda təcili yardım maşınlarına yanacaq yardımı, generator və transformatorlarla təminat kimi həyati əhəmiyyətli layihələr xüsusi yer tutur. Yəni özü də çətinliklərdən keçmiş bir ölkə olaraq Azərbaycan kritik vəziyyətdə olan bir xalqa real və praktiki dəstək nümayiş etdirib.
Ukraynalı uşaqların və tələbələrin reabilitasiyası məqsədilə onların mütəmadi olaraq Azərbaycana gətirilməsi, psixoloji və sosial dəstək proqramlarına cəlb olunması da diqqətəlayiqdir.Bu, təkcə maddi deyil, eyni zamanda mənəvi həmrəyliyin də göstəricisidir. Humanitar yardım xətti ümumilikdə Azərbaycanı beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir. Müharibədən zərər çəkmiş əhaliyə göstərilən dəstək Ukrayna cəmiyyətində ölkəmizə qarşı müsbət ictimai rəy formalaşdırır. Bu isə gələcək siyasi və iqtisadi əməkdaşlıq üçün mühüm sosial baza yaradır”.
Deputat əlavə edib ki, Azərbaycanın Ukrayna ilə münasibətlərində enerji təhlükəsizliyi, mina təmizlənməsi və bərpa-quruculuq sahələrini ön plana çıxarması strateji baxımdan çoxşaxəli və uzunmüddətli təsirlər vəd edir:
“Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın enerji resursları və alternativ enerji potensialı Ukraynanın enerji diversifikasiyası siyasətinə mühüm töhfə verə bilər. Mina təmizlənməsi sahəsində Azərbaycanın əldə etdiyi unikal təcrübə Ukrayna üçün xüsusilə aktualdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı minatəmizləmə işləri ölkəmizə ciddi texniki və institusional bilik qazandırıb.Bərpa-quruculuq istiqamətində isə Azərbaycan son illərdə böyük infrastruktur layihələrini uğurla həyata keçirib. Dağıdılmış ərazilərin qısa müddətdə yenidən qurulması sahəsində əldə olunan təcrübə Ukraynanın post-müharibə bərpasında faydalı ola bilər. Bu, eyni zamanda Azərbaycan şirkətləri üçün yeni iqtisadi imkanlar yaradır”.
Azər Badamov qeyd edib ki, Azərbaycan dövləti milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür:
“Ölkəmizin digər dövlətlərlə qurduğu ikitərəfli münasibətlər heç bir halda üçüncü tərəflərin maraqlarına qarşı yönəlmir. Bu kontekstdə, Rusiya-Ukrayna müharibəsi davam etdiyi şəraitdə Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlıq həyata keçirmir. Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir və balanslı siyasəti ilə regionda etibarlı tərəfdaş kimi çıxış edir”.
Günel Elxan