15:12
714
“Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi baş verir. Bir il bundan əvvələ baxdıqda həqiqətən də Ukraynanın mövqeyinin zəif olduğunu görürük. Amma indi Ukraynanın mövqeyi kifayət qədər güclənib. Ukrayna dronlarla, 1500 km mənzilli raketlərlə Rusiyanın strateji nöqtələrinə zərbə vurur və bu gün Rusiyanın neft ixracında ciddi şəkildə çatışmazlıq var. Həmçinin Rusiyanın bir çox bölgələrində yanacaqdoldurma məntəqələri bağlanıb. Bu, onu göstərir ki, Ukrayna hücumları fonunda Rusiyanın neft emalına da ciddi ziyan dəyib”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə söyləyib.
O bildirib ki, Rusiya cəbhə xəttində də güclənmir və yeni ərazilər tuta bilmir: “Düşünürəm ki, bu, Ukraynanın Rusiya üzərində müəyyən dərəcədə üstünlüyü deməkdir. 9 Mayda keçirilən parad da bir daha Rusiyanın nə qədər zəiflədiyini göstərdi. Bu gün Rusiya demək olar ki, Donbasda ilişib qalıb. Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirir. Ukraynanın bu gün döyüşən ordusu, yüksək texnologiyalı raket sistemi, PUA-ları var və artıq ABŞ-yə də PUA-larla bağlı silah ixrac edir, Körfəz ölkələri, Səudiyyə Ərəbistanı başda olmaqla hərbi təlimatçılar göndərirlər. Azərbaycana da PUA-larla bağlı hərbi təlimatçılar göndərirlər. Yəni göründüyü kimi, Ukrayna təkcə müharibə aparmır, strateji müttəfiqləri və tərəfdaşları ilə də hərbi sahədə öz təcrübəsini bölüşür”.
M.Əsədullazadə vurğulayıb ki, bu, onu göstərir ki, Ukrayna döyüşə-döyüşə gücləndi və döyüş prosesini öz lehinə dəyişməkdə davam edir: “Hesab edirəm ki, bu, danışıqlarda da özünü göstərəcək. Bir məsələni də deyim ki, Putin 2022-ci ildə Zelenskiyə narkoman, nasist deyirdi, amma bu gün ona cənab Zelenski deyir. Elə bu, məhz Ukraynanın hərbi cəhətdən Rusiyaya vurduğu zərbələrin nəticəsidir”.
Röya İsrafilova